Modern.az

Ən böyük vətənpərvərlik...

Ən böyük vətənpərvərlik...

3 Mart 2017, 15:17

Günəş Fərhadlı


Artıq iki gündür ki, sosial şəbəkədə geniş vüsət almış türkçülük mövzusu ilə bağlı məsələyə mən də öz münasibətimi bildirəcəm. Əvvəla genetik tariximizi yenidən müəyyənləşdirməyə çalışmaqla öz dəyərli vaxtınızı itirib, pafoslu statuslar yazmağı artıq dayandırın. Türkük ya türk deyilik, bunun əslində bir o qədər də önəmi yoxdur. Bilirsiniz niyə?! Çünki bunu müəyyənləşdirmək o qədər də çətin məsələ deyil. Bir neçə tarix kitabını vərəqləmək, haradan gəldiyimizə və coğrafi mövqeyimizə baxmaq, hansı xalqlarla assimiliyasiya olunduğumuza və dilimizə diqqət etmək kifayət edər ki, genetik tariximizi bilək. Yəni əziz dostlar, əsas olan bu deyil. İndi isə əsas olanı yazacam.


Əsas olan milli kimliyimizin, milli təfəkkürümüzün hansı səviyyədə inkişaf etdiyini muəyyənləşdirib, bu yolda nəsə etik qüsurları aradan qaldırmaqdır. Çünki xalq olaraq mövcudluğumuzu və inkişafımızı ancaq bu faktor təmin edəcək. Biz bu gün kimik? Biz bu gün nə hiss edirik? Biz bu gün nə ilə məşğuluq? Xalq olaraq ya da fərd olaraq (unutmayaq ki, xalq da elə fərdlərin cəmidir) biz nəyə və yaxud nələrə dəyər veririk? Bizə nə lazımdır? Biz nə dərəcədə vətənimizlə tamıq, bütünük?


5 suala özünüz cavab verərsiniz. 4-cüyə isə mən belə bir nümunə üzərindən cavab verəcəm.

Bir dəfə şair Aqşin Yenisey Ankarada bazara gedib pomidor almaq istəməsi ilə bağlı yazı paylaşmısdı. (Bilməyənlər üçün yazıram: Şair gedir bazara gedir və ən kasıb görkəmli satıcıdan pomidor almaq istəyir ki, “3 bacı dolması” yeyə bilsin. Satıcıya “ən yaxşı pomidorlardan ver”  deyir. Satıcı isə cavabında “niyə, zənginsən deyə hər şeyin ən yaxşısını sən yeməlisən?! Satmıram sənə heç nə” deyir...).
Yəni fərq etmir ən kasıb satıcı ol, ya da çox varlı, yaxud da vəzifəli biri, sən mövqeyə sahibsən, sənin fərdi təfəkkürün var, sən vətənin bir parçası hesab edirsən. Bu cür hallara mən də həddindən çox şahid olmuşam -hər növ yaş qrupu arasında yuxarıda da qeyd etdiyim kimi, müxtəlif sosial statusda olan adamlar arasında.

Bir türk danışanda sanki dövlətin bir nümayəndəsi danışır, özünü ölkəsindən xaric etmir. Tanıdığınız istisnalar varsa, dərhal nümunə gətirəcəksiniz, o heç. Amma unutmayın ki, istisnalar hər vəziyyət, hər zaman üçün mövcuddur.

Bir müddət əvvəl bir şirkət rəhbəri ilə danışığım olmuşdu. Türkiyənin artıq elektron nəqliyyat sisteminə keçid almağa başlaması ilə bağlı o qədər fərəh, qürür hissi ilə danışırdı ki... Ona baxanda elə hiss edirdim ki, sanki bu işdən gələn gəlirlər birbaşa ona veriləcək...

Yəni sözüm ondadır ki, əsas vətənpərvər olmaq, milli təfəkkürə sahib olmaqdır. Mövqe yiyəsi olmaqdır. Savadlanmaqdır. Gördüyün işi ən yaxşı şəkildə yerinə yetirməyə çalışmaqdır. İnanın ən böyük vətənpərvərlik elə budur. İşini ən yaxşı şəkildə görmək. Vaxtını ayırıb oxuyanlara təşəkkür edirəm...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal