Modern.az

Azexport.az ixracatın “vahid pəncərə”si ola bilər

Azexport.az ixracatın “vahid pəncərə”si ola bilər

Aktual

3 Mart 2017, 17:34

Füzuli Məcidli
Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Enerji daşıyıcılarının qiymətindəki geriləmə bu resurslarla zəngin olan və ixracının əsasını enerji daşıyıcıları təşkil edən ölkələrin iqtisadiyyatında böhranı daha çox hiss etdirdi. Böhran iqtisadiyyat üçün normal, bəlkə də zəruri bir prosesdir. Çünki o, həm də iqtisadiyyatın zəif nöqtələrini üzə çıxarmağa yardım edir. Əsas mərhələ isə bundan sonra başlayır - ona qarşı necə mübarizə aparmalı?

 

Təbii ki, böhran onda yararlıdır ki, əks effektiv mübarizə tədbirləri görülür və ölkə iqtisadiyyatının zəif nöqtələri aradan qaldırılır. Bu baxımdan, müstəqillik illərində kifayət qədər böyümüş Azərbaycan iqtisadiyyatının böhranla necə mübarizə aparacağı, bu cür təhdidlərə nə dərəcədə hazırlıqlı olub-olmadığı dünyanın nüfuzlu ekspertləri tərəfindən maraqla izlənilir.

 

Böhran çevik, bəzən də riskli qərarlar tələb edir. Azərbaycan iqtisadiyyatı üçün riskli olmasa da, çevik qərarların qəbulu zəruri idi və bilavasitə Prezident İlham Əliyevin ən qısa müddətdə atdığı addımların nümunəsində biz bunun şahidi olduq. Söhbətləşdiyimiz əcnəbi ekspertlər də etiraf edirlər ki, bəzi qərarların qəbulu, xüsusilə istehsalyönümlü ixracın stimullaşdırılmasına yönələn tədbirlər Azərbaycan prezidentinin iqtisadi fəlsəfəsinin zənginliyi və dərinliyini bir daha ortaya qoydu. Xarici iqtisadçı və politoloqların ən çox maraq göstərdiyi isə çevik qərarlarla böhranın təsirini minimuma endirməyi hədəfləyən və ölkənin perspektiv iqtisadi siyasətini təyin edən “Strateji yol xəritələri”, o cümlədən ixracın təşviqinə yönələn siyasət oldu.

 

İxraca dövlət dəstəyi

 

İxraca dövlət dəstəyini ifadə edən tədbirlər, xüsusilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qurulması, onun nəzdində “Azexport.az” portalının fəaliyyətinin təşkili kifayət qədər effektli qərar idi. Qısa zaman kəsiyində portala müraciət və sifarişlərin milyonlarla dollara çatması onun zəruriliyinin ən açıq göstəricisi oldu. Qarşısına ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və əlaqələndirilməsini təmin etmək tələbi qoyulan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bunun məntiqi davamı kimi, həm də ixracın təşviqinə dəstək verməlidir. Elə Mərkəz tərəfindən idarə olunan “Azexport.az”-ın missiyası da ölkə daxilində istehsal olunan məhsullar barədə məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. İxracın belə demək mümkündürsə, elektronlaşdırılması və daxili və xarici təlabat üçün əlyetərliliyinin təmin olunması çox mütərəqqi bir qərar oldu. Nəzərə almaq lazımdır ki, informasiya texnologiyalarının yüksək inkişafı şəraitində artıq  adi müştərilərdən tutmuş, şirkət rəhbərlərinədək hər kəs bazarları və idxal-ixrac imkanlarını öncə elektron xidmətlər, onlayn marketinq vasitəsi ilə öyrənir, ilkin qiymətləndirmələr aparır.

 

Qeyd edək ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzaladığı Sərəncamı əsasında yaradılan “Azexport.az” resursu "Made in Azerbaijan" brendinin dünyaya tanıdılmasına xidmət etməlidir.

 

Təbii ki, portalın tam formalaşması və işlək mexanizmə çevrilməsi müəyyən qədər zaman tələb edir. Lakin Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən portalda artıq xeyli informasiya toplanıb və müəssisələr, onların istehsal etdikləri məhsullar haqqında məlumatlar yer alıb. Hər hansı məhsulun xarici ölkədəki sifarişçiyə qısa müddətdə çatdırılmasını təmin etmək üçün dünyanın və ölkəmizin aparıcı nəqliyyat-logistika şirkətləri və ödəmə sistemləri portala inteqrasiya olunub. Deməli, “Azexport.az”-a çıxarılan məhsullar bütün dünyada məşhur olan elektron satış portallarında da görünəcək. 

Xarici təcrübə nə deyir?

 

Bununla bağlı xarici təcrübəyə nəzər salsaq, Türkiyə və Kanada örnəyi daha çox diqqət çəkir. Görünür, hər iki ölkənin xüsusilə qardaş Türkiyənin son onillikdə “ixrac partlayışı” etməsinin kökündə bənzər funksiyaları həyata keçirən qurumların da vacib rolu olub. Türkiyədə ölkəmizdəki müvafiq Mərkəzin funksiyalarına bənzər qurum kimi fəaliyyət göstərən İxracatın İnkişafı Mərkəzi (İGEME) ixracat imkanları olan şirkətlərə yol göstərmək və onlara dəstək məqsədi ilə hələ 1966-cı ildə yaradılsa da, kommunikasiya vasitələrinin  inkişafı ilə xarici istehlakçılar üçün son illər daha da əlçatan olub. İxracın, xüsusliə də ixrac konsaltinqinin onlayn mühitə daşınması ölkənin xaricə açılmasında vacib rol oynayıb. Mərkəzin Türkiyənin böyük şəhərlərində filialları və bəzi xarici ölkələrdə təmsilçilikləri fəaliyyət göstərir. O, təhsil, treninqlər vasitəsilə üzv firmaların, dolayısı ilə ölkənin ixracının təşviqi istiqamətində fəaliyyət göstərir,  yeni bazarlar və iş imkanlarını öyrənərək ixracatçıların xarici bazardakı paylarını artırmağa kömək edir.

 

Yaxud Kanadanın “Export Devolopment Canada” kompaniyası yerli ixracatçılara xarici bazarların öyrənilməsi və analizindən tutmuş, ticarətin maliyyələşdirilməsi, ixrac kreditlərinin təşkili və sığortasına qədər bir çox digər sahələrdə xidmət göstərir. 

 

Qazaxıstanın Milli İxrac və İnvestisiya Agentliyi "KAZNEX INVEST" Səhmdar Cəmiyyəti də bənzər funksiyaların həyata keçirilməsi ilə məşğul olur. Bu şirkətin nəzdində “Export.gov.kz” portalı yaradılıb və sayt yerli malların ixracını təşviq edir. Saytda yer alan məlumata görə, ixracatçıları informasiya ilə təmin edən müxtəlif vasitələrlə yanaşı, ölkə telekanallarından birində portala aid ayrıca televiziya proqramı da fəaliyyət göstərir.  

 

“Azexport.az” ixracatın brendinə çevrilə bilər

 

“Azexport.az” portlı daxili və xarici müştərilərə ölkədə istahsal olunan məhsullar barədə məlumatları təqdim etməklə bərabər, missiyasında da qeyd olunduğu kimi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasında da iştirak edir. Mətbuatdan da məlum olduğu kimi, artıq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Azexport.az” portalı sayt üzərindən sifarişlərin qəbulu və realizəsi, sahibkarlarla təmaslar, maarifləndirmə və informasiya təminatının həyata keçirilməsi istiqamətində çevik və fəal iş aparır.

 

Bu məqsədlə portalın dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunması innovativ bir addımdır və bu, iş adamlarına qısa müddətdə internet resursuna giriş imkanı verməklə, məhsullarını ölkə hüdudlarından kənarda təqdim etməyə şərait yaradır. Belə ki, “Azexport.az” portalının məlumat bazası “eBay”, “Alibaba”, “AllBiz” kimi dünyanın iri elektron ticarət resurslarının məlumat bazası ilə inteqrasiya edilib. Digər tərəfdən, “Asan İmza” xidmətinin də portalla inteqrasiya edilməsi yerli sahibkarlara öz mal və xidmətlərini daha rahat və maneəsiz təqdim etməyə imkan yaradır. Əgər sahibkar şirkətin sahibi kimi gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman o, əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.

 

İmkanlarını genişləndirməsi və funksionallığını artırması ilə portalın Azərbaycan istehsalçı və ixracatçıları, habelə, biznes və ticarət assosiasiyaları üçün “vahid pəncərə” rolunu oynaması imkanları çoxalır. Deməli portalın həm ölkənin, həm də xarici dövlətlərin gömrük strukturları ilə birgə sadələşdirilmiş mexanizmlər üzərində işləməsi də maraqlı ola bilər. Bunun üçün ilk növbədə istehsal imkanları olan regionların ixrac potensialını artırmaq məqsədi ilə, kənd təsərrüfatı, ərzaq, metallurgiya və digər istehsal sahələrinin portala yerləşdirilməsi üçün yerli icra hakimiyyəti orqanlarının portala dəstək göstərməsi vacibdir.

 

Digər tərəfdən, imkanları genişləndikcə portal ixraca yönəlik innovativ təşəbbüsləri, beynəlxalq xarakterli yerli sərgiləri, o cümlədən xarici ölkələrdə milli və ya vərdi səviyyədə həyata keçirilən sərgilərdə iştirakı dəstəkləyə bilər. Xarici bazarların araşdırılması və analizi, marketinq dəstəyi, xaricdə yerli şirkətlərimizin nümayəndəliklərinə Azərbaycan brendlərinin tanıtımı və təqdimatında yardım göstərməklə onların markalaşmasını təmin etmək, habelə, “Azərbaycan malı” və “Azərbaycan keyfiyyəti” (“Azquality”) nişanlarının imicinin yaradılması istiqamətində işlər aparmaq, hətta məhsulların yerli istehlakçıların zövqünə uyğun hansı dizaynla hazırlamaq kimi təşəbbüslərlə çıxış etmək güman ki, yaxın gələcəkdə portalın əsas fəaliyyət istiqamətləri sırasında olacaq.

 

Bunun üçün, “Azexport.az” brendinin özünün də xaricdə tanıtımı məqsədi ilə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin imkanlarını səfərbər etməklə layihələrin həyata keçirilməsi mümkündür. Çünki, təkcə xammala əsaslanan deyil, istehsalyönümlü ixrac Azərbaycan dövlətinin xarici iqtisadi siyasətinin prioritetləri sırasındadır və iqtisadiyyatın beynəlxalq miqyasda rəqabətqabiliyyətli olmasını təyin edən əsas faktordur. İstehsalyönümlü ixracın təşviqi və həyata keçirilməsi Azərbaycan iqtisadiyyatını sürətlə və tez bir zamanda şaxələndirəcək. Bu baxımdan “Azexport.az”-ın yaradılması innovativ bir addım olmaqla bərabər, portalın və onun gənc, təşəbbüskar kollektivinin üzərinə böyük məsuliyyət qoyur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU