"Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında bu gün naməlum kişi meyiti aşkar edilib.
Modern.az xəbər verir ki, bu barədə itkin neftçilərlə bağlı Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində fəaliyyət göstərən Qərargahdan bildirlib.
Qeyd edilib ki, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında bu gün naməlum kişi meyiti aşkar edilib. Tapılan meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Onlardan 4 nəfərin - İlham Qafarov, Həsənağa Hacıəliyev, Vidadi Qurbanov və Qorxmaz Rüstəmovun meyitləri tapılaraq ailələrinə təhvil verilib.
Modern.az