Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Modern.az xəbər verir ki, turun son oyunu "Neftçi" və "Zirə" komandaları arasında keçirilib. "Bakcell Arena"da keçirilən qarşılaşma "Zirə" komandasının qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı "Neftçi" açıb. Belə ki, oyunun 60-cı dəqiqəsində Daniel Seqovia penaltini dəqiq yerinə yetirib. Lakin 62-ci dəqiqədə Georgi Navalovski "Zirə"nin futbolçusu Təmkin Xəlilzadənin uzun reydindən sonra ötürməsini öz qapısına göndərib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Milan Duriç qoyub. Bu qələbədən sonra xallarını 29-a çatdıran "Zirə" 4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 20 xalla 6-cı yerdədir.
Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" səfərdə "Sumqayıt"a 4:0, "Qəbələ" "İnter"ə 2:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - AZAL matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Modern.az