Vəkili Şüvəlan Təcridxanasında saxlanılan bloqqer Mehman Hüseynovla görüşüb.
Bu haqda Modern.az-a onu hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.
Vəkil, müvəkkilinin heç bir şikayəti olmadığını qeyd edib:
“Həmişəki Mehmandır, əhvalı yüksəkdir, "prikollarından" qalmır. Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi”.
M.Hüseynov təcridxanada yerli telekanlları izləyə bilir:
“Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir. Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi. Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır”.
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.
Məsələ burasındadır ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu polisə böhtan atmada təqsirləndirərək, məhkəməyə vermişdi.
Məhkəmənin hökmü ilə Mehman Hüeynov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI