Martın 5-da Bakıda, Sumqayıtda və Abşeronda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. İş ondadır ki, buraxılış imtahanlarından valideynlər narazı qalıblar.
Narazılığın əsas səbəbi isə şagirdlərə açıq tipli sualların təqdim olunması olub. Buraxılış imtahanlarının 75 faizini bu cür suallardan ibarət olub.
Çoxları düşünür ki, imtahanlara açıq tipli sualların daxil edilməsi test üsulunun tədricən ləğvinə yönəlib.
Təhsil üzrə ekspert Şahlar Əsgərov Modern.az-a açıqlamasında deyib ki, valideynlərin narazılığına heç bir əsas yoxdur.
“İstər test üsulu olsun, istərsə də digər üsul. Əsas məsələ gəncin aldığı biliyin düzgün qiymətləndirilməsidir. Test üsulunun bir üstünlüyü var ki, biliyi operativ və kifayət qədər dəqiq qiymətləndirməyə imkan verir. Buna baxmayaraq test üsulunun da müxtəlif variantları ola bilər. Bunlardan biri də açıq test üsuludur. Açıq test üsulunda sual qoyulur. Bu suala uyğun olaraq mümkün cavablar yazılır. Suala təqribən 5-6 variantda cavab yazılır. Valideynlər niyə bundan narahatdırlar?!. Anlaya bilmirəm. Ümumiyyətlə, narahatlığa əsas görmürəm”.
Test üsulunun vacib və ya qeyri-vacibliyinə gəlincə, ekspert bildirib ki, bu, valideynin arzusu ilə deyil.
“Test üsulunun vacibliyi Təhsil Nazirliyinin siyasətinə daxil olan bir məsələdir. Dövlətin xərclədiyi pul nə dərəcədə biliyə çevirə bilir... Ona görə də testlə bu yoxlanılır. Hansı üsul lazım olarsa, dövlət də ondan istifafə edəcək. Burada narahatlığa heç bir əsas görmürəm. Hökmən Təhsil Nazirliyinə inanmaq lazımdır”.
Namidə BİNGÖL