Modern.az

Ərdoğan-Putin GÖRÜŞÜ: Tərəflərin gözləntiləri NƏDİR?

Ərdoğan-Putin GÖRÜŞÜ: Tərəflərin gözləntiləri NƏDİR?

9 Mart 2017, 12:44

Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya rəsmi səfəri başlayır. Görüşdə iqtisadi əməkdaşlıq planları ilə yanaşı, siyasi məsələlər, o cümlədən Suriya və kürd problemi barədə danışılacaq.

 

Türkiyə-Rusiya Ali İqtisadi Əməkdaşlıq Şurasının ilk iclası 2014-cü ilin dekabrında Ankarada baş tutmuşdu. Növbəti iclas 2015-ci ilin dekabrında Moskvada keçirilməli olsa da, Suriya sərhəddində rusların Su-24 təyyarəsinin vurulmasından sonra ləğv olunmuşdu.

 

Yeni iclasda iki ölkə arasındakı münasibətlərin 2015-ci ilin noyabrındakı insidentdən sonra kompleks şəkildə müzakirə olunması gözlənilir.

“Siyasi məsələni iqtisadi məsələ ilə əlaqələndirməyə çalışmırlar. Çünki siyasi baxımdan iki ölkə arasındakı ziddiyyətlər iqtisadi faktorlarla müqayisədə daha dərindir”- deyə politoloq Viktor Raevski bildirir.

 

Ekspertlərin fikrincə, ən əsas siyasi məsələlərdən biri Suriya prezidenti Bəşər Əsədin siyasi taleyi ilə bağlıdır. Hesab olunur ki, liderlər mövcud ziddiyyətləri aradan qaldırmaq üçün Əsədin siyasi gələcəyi, Suriyadakı kürd qruplaşmaları və s. ilə bağlı prinsipial razılaşma əldə etməlidirlər.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət İnstitutunun rəhbəri Aleksey Arbatov da Əsədin taleyi ilə bağlı danışıqların əsas olacağını deyib.

 

“Güman ki, əsas gündəm Bəşər Əsədlə bağlı olacaq. Əsədə olan münasibət Türkiyə və Rusiyanın mövqelərini bölən əsas məsələ sayılır. Və bu Astanada danışıqlar prosesini ləngidən əsas amil sayılır. Türkiyə Əsədi düşmən hesab etsə də, bu günə qədər onun siyasi gələcəyi ilə bağlı yekun mövqeyini açıqlamayıb. Düşünürəm ki, Türkiyədən Əsədin müharibə başa çatana qədər hakimiyyətdə qalması və seçkilərə qatılmasına razılıq vermək Kremlin əsas hədəfidir”.

 

Suriya kürdləri ilə bağlı məsələ də Ankara və Moskvanın diqqətini özünə cəlb edir. Ərdoğan PYD-nin beynəlxalq koalisiyanın tərkib hissəsi kimi İŞİD-lə mübarizəyə cəlb olunmasından narahatdır. Arbatovun fikrincə, bu məsələdə uzlaşma çətin olacaq.

“Moskva Ankaranın kürd məsələsinə münasibətindən narahatdır. Bu çox çətin məsələdir. Suriya kürdlərinin Rakkanın azad olunmasına cəlb edilməsi Ankaranın narazılığı ilə qarşılanır. Amma türklərin şəhəri azad etmək üçün öz qoşunları kifayət etməyəcək. Digər tərəfdən, Əsəd hakimiyyəti və kürdlər də türk ordusunun Rakkaya irəliləməsinə qarşıdır”.

 

Vüqar İSMAYILOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu