Modern.az

Komitə sədri: “Ana olmaq istəyənlər xüsusi kurslara cəlb olunmalıdır”

Komitə sədri: “Ana olmaq istəyənlər xüsusi kurslara cəlb olunmalıdır”

9 Mart 2017, 14:10

Ailə mədəniyyəti xalqımızın qədim zamanlardan bu günə kimi ötürülən ən böyük milli, mənəvi dəyəridir. İndiki dövrdə bəzi qızlarımız ərə getmək xatirinə qurduqları ailələrdə heç nəyi öz yerinə qoya bilmirlər, daha doğrusu öz yerində görə bilmirlər. Heç öz vəzifələrinin də fərqində deyillər. Bu da gələcəkdə böyük fəsadlara yol açır.

Bəzən məclislərdə və yaxud da digər yerlərdə hansısa ananın övladlarının savadlı, tərbiyəli olmaları ilə deyil, başqa işlərinə görə qürrələındiyinə şahidlik edirik.  Bu da ailələri uçuruma aparan amillərdən biridir. 
Müşahidələr göstərir ki, müasir dövrümüzdə bəzi xanımlar dünyaya gətirdikləri körpə ilə necə rəftar etməyi belə, bilmirlər.  Sadəcə, ərə getmək xatirinə ailə quranlar analığın nə olduğunu bilmədən, məsuliyyətini, öhdəliklərini dərk etmədən ana olurlar. Nəticə isə ürəkaçan deyil...

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Modern.az-a bu məsələyə dair fikirlərini bildirib.


Aqiyə Naxçıvanlı deyib ki, ana olmağa hazırlaşan qadınlara müəyyən seminarlar, kurslar keçilməlidir.

“Bu kimi tədbirlərin keçirilməsi məqsədəuyğun olar. Maarifləndirmə işləri nə qədər çox olsa,  cəmiyyətimizin, hər bir ailənin xeyrinə olar. Belə tədbirləri keçirmək çox vacibdir. Doğrudan da bu gün cəmiyyətimizdə ana olmaq istəyənlərin buna çox böyük ehtiyacı var”.

Komitə sədri bildirib ki, bu tip tədbirlər yeni ailə quracaq şəxslərə də keçirilməlidir.


“Həmin tədbirləri, kursları keçirən insanlar da təcrübəli şəxslər - ağbirçəklər, ailədə bir neçə uşaq böyüdənlər olmalıdır.  Onların tövsiyələri gənc ailələrə çox vacibdir. Həmçinin, bir çox şeyləri də yeni ailə quracaq şəxslərə, ana olmağa hazırlaşanlara izah etmək lazımdır. Bizim milli adət-ənənələrimizi, ailə dəyərlərimizi dərindən bilən insanları o kursları keçməyə yönəltmək vacibdir. Bunu təsadüfi adamlar etməməlidir. Həmin insanlar hiss etməlidir ki, ona bu kursu keçən, tövsiyəni verən insan kimdir. Şəxsiyyətdirmi, həyatda təcrübəsi olan insandırmı, yoxsa dünən universitet partasının arxasından çıxan şəxsdir. Belə seminarların, kursların keçirilməsi ana olmağa hazırlaşan şəxslərin övladlarını həyata daha yaxşı hazırlamasına gətirib çıxara bilər”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu