Hər il olduğu kimi bu il də martın 10-da Azərbaycan Texniki Universitetdə qanvermə aksiyası keçirilib.
Universitetdə fəaliyyət göstərən bütün işçilər, o cümlədən tələbələr qana ehtiyacı olan insanlara kömək məqsədilə könüllü olaraq qan veriblər.Aksiyasında iştirak edənlər müayinədən keçirilib,qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirildikdən sonra qan veriblər. Qan verən iştirakçılar daha sonra şirniyyat süfrəsinə dəvət olunublar.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov, Tədris hissə müdiri Zəkay Şayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov və Azərbaycan Qızıl Aypara Cəmiyyəti icra katibi Ceyhun Mirzəyev çıxışlarında aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini bildirərək qan verən universitet əməkdaşlarına, tələbələrə tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
Modern.az