Modern.az

Eyruzun qaranlıqları yaran "çırağı"

Eyruzun qaranlıqları yaran "çırağı"

13 Mart 2017, 12:13

Son 29 ildə bir-çox tarixi-sənədli filmlər, xüsusilə də "Sumqayıtın əks-sədası" filmi ilə respublika ictimaiyyəti və xaricdə yaşayan həmvətənlərimiz, eləcə də xalqımızın digər millətlərdən olan dostları arasında böyük rəğbət və nüfuz qazanmış yazıçı-publisist, kinossenarist, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov bugünlərdə özünün yeni bədii əsərini - "Qaranlığın çırağı" romanını oxuculara təqdim edib.

 

Yaxın keçmişimizin hərbi-siyasi qarşıdurmalarının əks etdirildiyi, peşəkarcasına araşdırıldığı filmlərin ssenari müəllifi, yaradıcısı kimi çox ciddi analitik və prinsipial mövqeyi ilə seçilən Eyruz "Qaranlığın çırağı" romanında özünün əvvəlki əsərlərində - "Sumqayıtım mənim", "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Zöhra və Kənan”, etnoqrafik roman olan "Bir kəndin camaatı" və s. kitablarında olduğu kimi oxucunu həssas, narahat qəlbli bir yazıçı kimi xeyir və şərin, qaranlıq və işığın daim kəskin ziddiyyətlərlə çarpışdığı bir dünyada mənəviyyatın sarsılmazlığını, iradənin gücünü, inam və etibarın, məhəbbət və sədaqətin insan həyatında, ağır keşməkeşləri dəf etməkdə rolunu maraqlı, düşündürücü süjet xətti üzərində qurduğu hadisələr fonunda olduqca inandırıcı və dolğun şəkildə təqdim etməyə nail olmuşdur.

Maraqlıdır ki, müəllif son ana kimi oxucunu həyəcan və intizar içində saxlayaraq, novella xüsusiyyətlərindən məharətlə istifadə etməklə oxucuya əsərdə baş verənləri öncədən görməyə, duymağa heç bir şans qoymamışdır. Romanın süjetinin ustalıqla, məharətlə qurulması oxucunu kitabdan ayrılmamağa, onu "birnəfəsə" oxumağa sövq edir. Romandakı hadisələr zənginliyi, xarakterlər müxtəlifliyi bu əsər əsasında maraqlı bir kinoserial çəkilməsinin də məqsədəuyğun, həm də vacib olduğunu diqqətə çatdırır. 

Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliklərinin, həmçinin Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü olan Eyruz Məmmədovun yeni - "Qaranlığın çırağı" romanı da bir-çox əsərləri kimi "Azəri” nəşriyyatı tərəfindən nəfis şəkildə, zövqlə, romanın mövzusuna müvafiq dizayn tərtibatı ilə çap edilmişdir. Kifayət qədər iri həcmli olan (383 səhifə) kitabın redaktoru Azərbaycanın Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, müəllifin çoxillik dostu Rəhman Orxandır.

Onu da qeyd edək ki, Eyruz Məmmədovun indiyədək ümumilikdə 20-dən çox bədii və publisistika janrında kitabları çapdan çıxmışdır. Əsərləri türk, rus, alman, ingilis, fransız və ispan dillərinə tərçümə edilmişdir.

Oxucuların diqqətinə onu da çatdıraq ki, aprel ayının ortalarında S.Vurğun adına Mərkəzi şəhər kitabxanasında müzakirəsi nəzərdə tutulan "Qaranlığın çırağı" kitabını bilavasitə Sumqayıtın "Azəri” nəşriyyatından (tel: 65-6-50-42) və şəhərin kitab mağazalarından əldə etmək olar.

 

Orxan MƏMMƏDZADƏ

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu