Bəzi məlumatlara görə, “BakuBus”a məxsus avtobuslar istismar müddətini başa vurmamış sıradan çıxıb. Çox sayda avtobusun təmiri üçün isə fransalı mütəxəssislərin cəlb olunduğu qeyd edilir. Bunun üçün isə nə az, nə çox 150 min avro pul tələb olunur. Səbəb kimi həmin avtobusların ehtiyat hissələrinin və təmir üçün mütəxəssislərin ölkəmizdə olmaması göstərilir.
Məsələ ilə bağlı “BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda qarajda ciddi texniki nasazlığı olan avtobus yoxdur:
“Avtobuslar istehsalçı şirkətdən zəmanətlə alınıb. Zəmanət müddətinə uyğun olaraq şirkətin rəsmi nümayəndəliyi tərəfindən avtobuslara mütəmadi texniki baxış keçirilir. Gündəlik iş şəraitində hər hansı nasazlıq müşahidə olunarsa, dərhal həmin şirkətin mütəxəssisləri tərəfindən aradan qaldırılır. Hazırda isə “BakuBus”ın qarajında ciddi texniki nasazlığı olan avtobuslarımız yoxdur”.
M.Piriyev deyib ki, əgər söhbət gün ərzində qarajda saxlanılan avtobuslardan gedirsə, bu, müasir standartlara uyğun sərnişindaşıma xidməti göstərən bütün avtobus parklarında belədir:
“Yəni hər bir marşrut xəttindəki avtobusların sayına uyğun olaraq müəyyən faiz nisbətində ehtiyat avtobuslar saxlanılmalıdır. Bu, stabil, təhlükəsiz və fasiləsiz xidmət üçün qəbul olunmuş beynəlxalq normadır”.
Gülşən RAUFQIZI