Martın 14-də, saat 15.30-da NİDA-çı gənc Qiyas İbrahimovun kassasiya şikayətinə baxılacaq. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
O qeyd edib ki, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə Qiyas İbrahimovun işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından verilən kassasiya şikayətinə baxılacaq.
“Bakı Apellyasiya Məhkəməsi 13 dekabr 2016-cı il tarixli qərarı ilə apellyasiya baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirilməsi barədə 22 vəsatətimi təmin etməmişdi”.
Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI