Modern.az

Xaricə köçən Milli Qəhrəman qızı: “10 yaşından atasız böyümək çox çətin oldu” - FOTOLAR

Xaricə köçən Milli Qəhrəman qızı: “10 yaşından atasız böyümək çox çətin oldu” - FOTOLAR

13 Mart 2017, 17:03

Azərbaycanın Milli Qəhrəmanı, Ahısxa türkü İsgəndər Aznaurov  1993-cü ilin 18 aprel tarixində Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Bu il şəhidin torpağa tapşırılmasının 24-ci ildönümü olacaq.

Milli Qəhrəmanın 3 qız övladı qalır. Övladlarının hər üçü uzun müddətdir ki, Türkiyəyə köçərək, orada yaşayır.


İsgəndər Aznaurovun qızı Mədinə Aznaurova atası şəhid olanda 10 yaşlı uşaq idi.


Mədinə Aznaurova Modern.az-a açıqlamasında atası barədə danışıb:

“Atam 1993-cü ilin 18 aprelində şəhid olub. O zaman 10 yaşım vardı. Atam çox yaxşı insan olub. Uşaq ruhlu, incə qəlbli, həyatda heç kəsin qəlbini qırmayan bir insan idi. Atamı hər kəs çox istəyirdi. Yadımdadır ki, Xocalı soyqırımının törədilməsi atama çox pis təsir etmişdi. Uşaqların vəhşicəsinə öldürülməsini televizorda  görəndən sonra evdə rahat yata bilmirdi. Ona görə də könüllü olaraq döyüşə getdi. Atamla bağlı yadımda qalan bir də odur ki, Gədəbəydən gəldiyi vaxt qəsəbənin bütün uşaqlarını ətrafına toplayıb söhbət edərdi”.

Mədinə Aznaurovanın sözlərinə görə, bu illər ərzində atasız böyümək ona çox çətin olub.

“Təbii ki, atasız böyümək çox çətindir. Həyatımızın hər zamanında onu özlədik. Onun yerini heç nə əvəz edə bilməyib. Atamızla hər zaman qürur duymuşuq. Atamı tanımayan az adam tapılar. Ondan bizə şərəfli ömür sürmək qaldı. Şəhidlik ən ali zirvədir. O zirvəyə hər adam yüksələ bilmir”.

Milli Qəhrəmanın qızı hazırda Türkiyədə yaşadığını xatırladıb.

“2010-cu ildə  Moskvada ali təhsilimi başa vurdum - Psixologiya fakültəsini bitirmişəm. 2005-ci ilin avqust ayında ailə həyatı qurmuşam və hazırda Türkiyədə yaşayıram. 2 uşağım var. Hazırda Dünya Ahısxa Türkləri Birliyində çalışıram”.

 

Namidə BİNGÖL 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza