Modern.az

Sabah Bakıda beynəlxalq konfrans keçiriləcək

Sabah Bakıda beynəlxalq konfrans keçiriləcək

Aktual

14 Mart 2017, 12:24

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunub. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri sabah Bakıda öz işinə başlayacaq.
“İslam həmrəyliyi-zamanın çağırışı” adlı Beynəlxalq Konfransın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.

Modern.az saytı QMİ-yə istinadən xəbər verir ki, “Hilton Bakı” otelinin “Sevda” zalında keçiriləcək tədbirdə Azərbaycanın və xarici ölkələrin dövlət və hökumət rəsmiləri, parlament üzvləri, elm və din xadimləri, Bakıda akkreditə olunan diplomatlar, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri iştirak edəcək.

Beynəlxalq konfransda ““İslam həmrəyliyi ili” multikulturalizm ideyalarının və dinlərarası dialoq ənənələrinin məntiqi davamıdır”, “İslam həmrəyliyi terrorizm, islamafobiya və radikalizm əleyhinə mübarizədə”, “Heydər Əliyev siyasətində İslam həmrəyliyi”, “İslam həmrəyliyinin Azərbaycan modeli və onun elmi-praktiki inkişaf perspektivləri” və digər mövzularda çıxışlar ediləcək və müzakirələr aparılacaq.

“İslam həmrəyliyi-zamanın çağırışı” Beynəlxalq Konfransının dünya ictimaiyyətinə ünvanlanan Müraciətinin qəbul edilməsi də planlaşdırılır.

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza