"Ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan həmçinin təkcə ikitərəfli deyil, həm də artıq üçtərəfli regional əməkdaşlıq formatı yaratmışdır:
"Məsələn, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və son olaraq Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi və siyasi əməkdaşlığı. Bu, regionda çox müsbət siyasi və iqtisadi mühit yaradan üçtərəfli əməkdaşlıq formatıdır. Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi də əməkdaşlıq formatı baxımından çox cəlbedicidir. Çünki burada Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı üzvləri Yunanıstan, İtaliya, Bolqarıstan və həmçinin Albaniya iştirak edir. Artıq 3 ildir ki, hər il yeddi ölkə əməkdaşlığı gücləndirmək məqsədilə dəhlizin məşvərət şurası üçün Bakıda toplaşır. Bu, təkcə qazla bağlı deyil, bu, biznesdir, investisiya, məşğulluq, proqnozlaşdırılma və əməkdaşlıqdır.
Sonda demək istərdim ki, qeyd etdiyim kimi, ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik. Azərbaycan Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu, o deməkdir ki, Avropa İttifaqı üzvlərinin üçdə biri bizim strateji tərəfdaşımızdır. Təbiidir ki, hazırda biz Avropa Komissiyası ilə əlaqələrimizi daha da gücləndirəcək strateji tərəfdaşlıq razılaşması üzərində işləyirik".
Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Azərbaycan və Fransa əlaqələri böyük əhəmiyyət kəsb edir:
"Bizim əla siyasi əlaqələrimiz var. Prezident Olland iki dəfə Azərbaycanda səfərdə olub - 2014-2015-ci illərdə. Bundan əvvəl Prezident Sarkozi Azərbaycanda səfərdə olub. Mən tez-tez sizin ölkənizdə səfərdə oluram. Mənim bugünkü və sabahkı rəsmi səfərim güclü əməkdaşlığımızın daha bir göstəricisidir və işgüzar əlaqələr bu əməkdaşlığın ayrılmaz hissəsidir".
***
"Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib: "Hesab edirəm ki, bu gün bizim çox yüksək səviyyədə iqtisadi əlaqələrimiz var. Bir çox layihələr icra olunmuşdur, bir çox Fransa şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Fransaya səfərimdən öncə əldə etdiyim məlumata görə, 50-dən çox Fransa şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulmuşdur, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırkı mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hökumət qurumları və Fransa şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır. Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, Fransa biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir".
Prezident əlavə edib ki, eyni zamanda, bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir: "Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Bizim, eyni zamanda, infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində güclü əməkdaşlığımız var. Həmçinin kosmik sahəni qeyd etmək istərdim. Bu, bizim ölkə üçün nisbətən yeni sahədir. Lakin Azərbaycan bir neçə il bundan öncə beynəlxalq kosmik kluba qoşulmuşdur və ölkəmizin artıq iki peyki fəaliyyət göstərir. Ümid edirik ki, Fransa şirkətlərinin fəal iştirakı ilə üçüncüsü də olacaq".
İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatı sahəsində yaxşı perspektivlərimiz var: "Şadam ki, ötən bir neçə il ərzində iqtisadiyyatımızın bu sektoru da çevik inkişaf etməyə başlamışdır və bu, həmçinin Fransa şirkətlərinin iştirakı ilə baş vermişdir. Xüsusilə üzüm bağlarımızın inkişafını qeyd etmək istəyirəm. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə iqlim şəraitimizdən maksimum dərəcədə istifadə olunmuşdur.
Bizim təhsil sahəsində yaxşı əməkdaşlığımız var. Artıq üç ildir ki, fəaliyyət göstərən Fransız Liseyi bu əməkdaşlığın yaxşı nümunəsidir. Bundan sonra isə biz Fransız-Azərbaycan Universitetinin açılışını etdik. Bu, nəinki təkcə bizim təhsil potensialımızı gücləndirir, eyni zamanda, həmin təhsil ocaqlarında təhsil alan uşaqlar və gənc nəsil artıq, bir sözlə, bu iki ölkənin ictimai səfirlərinə çevrilirlər. Çünki onların həyatı Fransa ilə əməkdaşlığa bağlı olacaqdır".
Dövlət başçısı əlavə edib: "Biz Azərbaycanda çox əsaslı islahatlar paketini həyata keçirdik. Bu, əsasən ötən il oldu. Ötən il çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərmişdir. Bu, iqtisadiyyatımızın şaxələndirilməsinə aparan bir yoldur. Əslində, biz neft və qazdan asılılığı azaltmaq üçün bunun üzərində uzun illər idi ki, çalışırdıq və bunu etməyə nail olduq. Hazırda neft və qaz ümumi daxili məhsulun təqribən 30 faizdən artığını təşkil edir. Qalan hissə qeyri-neft sektorunun payına düşür. İndi isə biz ixracımızı şaxələndirmək üçün fəal çalışırıq. Neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü bir dönəmdə buna indi xüsusilə ehtiyac var və artıq bizə əvvəllər olduğu kimi, əldə edə bilmədiyimiz gəlirləri qeyri-enerji ixrac potensialı ilə kompensasiya etmək lazımdır. Buna görə, biz əsasən kənd təsərrüfatı, sənaye sektorlarına sərmayə yatırdıq və eyni zamanda, bazarların axtarışındayıq. Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir".
***
"Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın diqqət yetirdiyi başqa bir strateji istiqamət ölkədə nəqliyyat qovşağının yaradılmasıdır:
"Bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Asiya ilə Avropanın arasında yerləşirik və artıq sahib olduğumuz müasir nəqliyyat infrastrukturu ilə böyük maraq cəlb edirik. Bizim hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanımız var. Biz artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilmişik. Bizim bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi bu il yaradılacaq. Bu, Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır. Bu, yüklərin daşınması vaxtını iki dəfə azaldır. İlk sınaq qatarı artıq bizim ərazimizdən keçib. Ötən il biz, həmçinin Hindistandan Pakistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Şimali Avropaya uzanan Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasına çoxlu investisiya yatırmaqla, bizi İranla birləşdirən dəmir yolu xəttinin çatışmayan hissəsini tamamlamışıq. Biz bir neçə mühüm beynəlxalq toplantı və tədbir təşkil etmişik. Biz üzərimizə düşən hər şeyi etmişik. Beləliklə, bu dəhlizin çatışmayan hissəsi tikilən kimi biz Hindistandan Şimali Avropaya yüklərin indiki 40-45 gün əvəzinə 14 günə daşınmasına imkan verən yeni marşrut açacağıq. Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir".
Prezident İlham Əliyev vurğulayıb ki, infrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir:
"Hazırda biz Xəzərdə yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanını tikirik. Birinci mərhələ bu il tamamlanacaq. Qeyd etdiyim kimi, 6 beynəlxalq hava limanı, müasir yük gəmiləri, hər növ gəmi istehsal edə bilən gəmiqayırma zavodu, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və əlbəttə ki, qonşularla çox yaxşı əlaqələr. Çünki qonşularla əməkdaşlıq etməsən nəqliyyatda hədəflərə nail ola bilməzsən. Bizim bütün qonşularımızla, Şimal, Cənub, Qərb və Xəzər dənizindən o yana Şərq qonşularımızla əla siyasi və iqtisadi əlaqələrimiz var, bu, həmçinin regionun sabitliyi üçün vacibdir. Daxildə sabitlik, daxildə inkişaf və sərhədlərimizdən kənarda proqnozlaşdırılabilən vəziyyət, qonşularla yaxşı əlaqələr - bütün bunlar artıq baş verir. Bu, reallıqdır. Başqa sözlə, bizim siyasətimiz regionda yeni reallıq və ilk növbədə, qeyd etdiyim kimi, qonşularımızla yeni əməkdaşlıq formatı yaradıb".
***
Avropa İttifaqı ilə imzalanacaq tərəfdaşlıq razılaşması hərtərəfli sənəd olmalıdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
İlham Əliyev qeyd edib: "Ötən ay tərəfdaşlıq razılaşması üzrə Avropa Komissiyası ilə danışıqlara başladığımızı nəzərə alaraq, - yeri gəlmişkən, bu, bir çox sahələri, o cümlədən iqtisadi əməkdaşlığı əhatə edəcək çox hərtərəfli bir sənəd olmalıdır, - hesab edirəm ki, əməkdaşlığımızın vacib bir elementi də ikitərəfli ticarətin artırılması ola bilər. Zənnimcə, bu gün bu, bir milyard avrodan azdır. Lakin ticarətimizin strukturuna baxsanız görərsiniz ki, bu, əsasən bizim Fransaya neft ixracatımızdır. Beləliklə, biz bunu şaxələndirməliyik, daha çox alıb, daha çox satmalıyıq".
Azərbaycan Prezidenti hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın çox yaxşı mexanizmi var: "Bu, birgə iqtisadi komissiyadır. Bu komissiyanın iclası bu yaxınlarda keçirilmişdir. Bu komissiya əməkdaşlığımızın bütün vacib sahələri ilə bağlı məsələlər ilə məşğul olur. İslahatlar bizə uzunmüddətli dayanıqlı inkişafa, iqtisadi artıma, ölkəmizin və iqtisadiyyatımızın müasirləşdirilməsinə nail olmaq imkanı verəcək. Çünki artıq bir neçə dəfə qeyd etdiyim kimi, Azərbaycanda post-neft dönəmi başlamışdır. Bu, bizim ehtiyatlarımızın tükənməsi ilə əlaqəli deyil. Xeyr, bizim böyük neft və qaz ehtiyatlarımız var. Biz onları gələcək bir neçə on illər ərzində bazara çıxaracağıq. Lakin indi bizə sanki təbii ehtiyatlara malik olmadan gələcəyimizi planlaşdırmaq lazımdır. İqtisadiyyatımızı rəqabətlilik, düzgün idarəetmə əsasında qurmalıyıq.
Əlbəttə ki, biz islahatlarımızda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik. Eyni zamanda, bizim çox yaxşı məsləhətçilərimiz var. Onlar bizə iqtisadiyyatımızın hər bir sektoru üçün strateji yol xəritələri hazırlamağa kömək edirlər".
***
Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Prezident İlham Əliyev bildirib: "İnformasiya texnologiyaları çox sürətlə inkişaf edir və bizim bu sektorun inkişafı ilə bağlı xüsusi proqramımız var. Müasir texnologiyalar, sənaye potensialı, tikinti, əlbəttə ki, nəqliyyat - dünyanın hər yerindən şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün çoxlu imkanlar var.
Həyata keçirdiyimiz strateji layihələr arasında mən ikisini qeyd etmək istərdim. Birincisi, əlbəttə ki, Cənub Qaz Dəhlizidir. Bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu layihədə aparıcı rola malikdir. Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir. Çünki layihənin həyata keçirilməsini təşkil etmək nə texniki, nə də maliyyə nöqteyi-nəzərindən asan məsələ deyildi".
Azərbaycan Prezidenti vurğulayıb ki, bu layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir: "Mən şadam ki, Fransa bankları da bu layihənin həyata keçirilməsinin maliyyələşməsini təmin edir".
Modern.az