Tanınmış telejurnalist Sevil Nuriyeva Modern.az saytınan suallarına cavab verir.
- Sevil xanım, siz Türkiyənin “Star” qəzetində köşə yazırsınız. Bizim üçün çox maraqlıdır, siz buna necə nail ola bildiniz, hansı yolla bunu əldə edə bildiniz?
- Mən bu sualı təbrik kimi qəbul edirəm. Sağ olun, təbrik üçün. “Hansı yolla nail oldunuz” sualı məni bir az güldürdü. Azərbaycanda dırnaq arasında məni sevən bir-iki “dost” var. Onlar məni mütəmadi izləyirlər, təqib edirlər və həmin insanlar görüdklərini deyil, baxdıqlarını yazırlar. Baxmaq isə hələ görmək deyil. Balzaka aid olan bu sözü çox sevirəm. Fiziki cəhətdən normal olan baxmaq qabiliyyətinə malikdir, görə bilmək qabliyyəti isə intellekt məsələsidir. Bu qabiliyyət, dərin, həyatda prinsipləri olan insanlara aiddir. Həm də bu qabiliyyət maddidən uzaqlaşaraq mənəvi duyğularla yaşayan insanlarda olur. Ona görə də mən baxanları deyil, baxarkən görənləri həyatda özümə tərəf müqabili seçirəm. Çox şükür ki, ətrafımda həmişə görə bilən insanlar olub.
Uzun müddətdir ki, həm jurnalist, həm də QHT sektorunu təmsil edən insan kimi Türkiyə mətbuatı ilə əlaqələrim olub. Bu əlaqələr indiyə xas deyil. Bizim ortaq layihələrimiz, ortaq çalışmalarımız var. Bu baxımdan mənim çevrəmdə Türkiyənin çox önəmli jurnalistlərindən ibarət insanlar var. “Star” qəzetinin rəhbəri Mustafa Kararlıoğlunu və bu gəzetin əsas yükünu daşiyan istedadlı jurnalist İbrahim Kirazı uzun müddətdir ki, tanıyıram.
“Star” bu il martın 16-dan yeni imiclə oxuculara təqdim edildi. Bütün cəmiyyət bu qəzetin yeni təqdimatını gözləyirdi. Qəzetin rəngindən tutmuş formatına qədər hər şeyi dəyişib. Fehmi Huveydi kimi ərəb dünyasının çox önəmli yazari, Robert Fisk kimi məhşur ingilis yazarı bu qəzetə yazmağa baslayıb. Bundan başqa, dünyaca tanınan önəmli isimlər qəzetin yeni simasını formalaşdırmağa basladi. Təbii ki, bu isimlərin arasında olmaq məni ayrıca qürurlandırır. Türkiyənin özündə qiymətli qələm ustaları olan isimlər bu qəzet üçün yazır.
“Star” qəzeti bugünkü Türkiyənin imajına layiq bir qəzet halına gəlmək istədi. Yəni bugünkü Türkiyə Yeni Türkiyənin qəzeti iddiasıyla Kamerunda, Liviyada, İranda, Orta Asiyada, Balkanlarda, Rusiyada, Qafqazlarda olmaq istədi. “Star” qəzeti bütün mədəniyyət coğrafiyasında olub bitənləri o bölgələrin önəmli yazarlarının vasitəsiylə, professionallarının gözü ilə baxıb öz cəmiyyətinə olanlari çatdırmaq istədi. Və bu istəklə də bir çox dünyaca tanınan yazarlara muraciət etdi... Bizim bölgədən, Qafgazlardan, Orta Asiya, Rusiya və İrana qədər bölgədən isə yazmağı mənə teklif etdilər.
Bu, mənim üçün də çox sevindirici oldu. Çünki burada qazax, gürcü, rus, fars yazarı da ola bilərdi. Heç kimə sirr deyil ki, Rusiyada, Orta Asiyada, Gürcüstanda da kifayət qədər istedadlı jurnalistlər, analitiklər var. Çox isim icərisindən mənim uyğun görülməm mənə verilən qiymət kimi, peşəkar keyfiyyətimə verilən önəm kimi qiymətləndirirəm. Məhz Azərbaycana verilən dəyər kimi qiymətləndirirəm. “Star”ın rəhbərliyi mənim milli duruşumu, cizgimi çox gözəl bilir. Onların yayın siyasəti ilə mənim dünyagörüşüm arasında çox ciddi fərq olmadığına görə mən orada yazmağa razılıq verdim. Mən bölgədə olanları, bölgənin gələcəyi, bölgədə türkün milli mənfəətləri konseptindən baxaraq yazmağa başladım və bu şəkildə də davam edəcək, deyə düşünürəm.
- Türkiyə jurnalistikasının tələbi ilə Azərbaycan jurnalistikanın tələbi arasında hansı oxşar və fərqli cəhətlər var? Eyni zamanda, bilmək istərdik ki, sizin yazılarınıza hər hansı məhdudiyyət varmı?
- Heç bir məhdudiyyət yoxdur. İşimə peşəkarcasına baxıram. Bu işin öhdəsindən yalnız peşəkarlıqla gələ biləcəyimi bilirəm. Digər tərəfdən də dünyada medianın trendinin hansı istiqamətə yön aldığını, inkişaf edən ölkələrin media standartlarının nə olduğunu təqib edirəm. Türk mətbuatının tələbləri, peşəkar dərəcəsi nəyi tələb edir, onu da dəqiq analiz edə bilirəm. Ona görə məncə burada geyri-adi bir şey yoxdur. Sadəcə, peşəkarcasına məsələyə baxmaq, dürüst olmaq yetərlidir. Peşəkarlıq və peşə ləyaqəti önəmli cütlükdür mənə görə.
- Yazılarınıza toxunmurlar. Bu, sizin professional jurnalist olmağınızdan irəli gəlir...?
- Təbii ki, burada peşəkarlıq ən önəmli göstəricidir. O ki qaldı yazılara toxunulub toxunulmaması məsələsinə, ümumiyyətlə öz işinin mütəxəssisi olanlar nəyi, nə zaman və necə ifadə edəcəyini dəqiq bilirlər. Söz məsuliyyətdir. Allahımız deyir ki, idrak etdiyiniz hər şeydən məsulsunuz. Mən məsuliyyətimin fərqindəyəm.
Türkiyədə “Star” kimi qəzetə yazı yazmaq ayrıca bir məsuliyyətdir. Nəzərə almaq lazımdır ki, Türkiyədə media çox önəmli sahə hesab edilir. Dövlət adamlarından tutmuş sadə vətəndaşa qədər mediadakı insanın keyfiyyət və peşəkarlıq dərəcəsinə görə ona münasibətini formalaşdırır.
Bu günlərdə bir hadisənin şahidi oldum, sizinlə də bunu paylaşım. “Star”da yazı yazmağa başlayan kimi Türkiyənin bir neçə rəsmi adamından telefon zengi gəldi. Bunlardan biri də Türkiyənin səhiyyə naziri idi.
Nazir dedi ki, “Sevil xanım, mən bu gün sizin yazınızı oxudum və oradan çox şey öyrəndim”. İsrarla “mən sizə Türkiyə səhiyyəsində apardığımız islahatları anlatmaq istəyirəm” dedi. Dedim ki, “axı mən Türkiyənin içindən yazmıram. Bölgədən yazıram”. O, israrla dedi ki, “mən istəyirəm məhz siz bunları biləsiniz və özüm bunları sizə anladım”. Daha sonra nazir “olarmı, bizim filan açılışımızda iştirak edəsiniz” dedi. Bu cür yanaşma məni heyrətləndirdi. Bağislayın, özümü tərifləmək kimi çıxdısa, oxucularınızdan üzr istəyirəm. Əsla, həyatda böyük danışaraq özündən razılıq kimi xəstəliklərə yoluxmamışam. Çox şükür. Dünyanın çox tanınan isimləri ilə müxtəlif hadisələrin düz mərkəzində olaraq peşə fəaliyyətimi yaşamışam, bu gün də yaşayıram. Sadəcə, bunu anlatmaqda məqsədim demokratik dəyərləri, inkişaf etmiş ölkələrdə demokratik təsisatlara önəm verən ictimai rəyi vacib sayan ölkələrdə mediaya verilən qiymətə diqqət yönəltmək istədim.
Təbii ki, mən peşəkar mediadan danışıram. Mən əlbəttə Azərbaycanda da istər rəsmi, istər qeyri-rəsmilər tərəfindən istənilən məsələ ilə bağlı sualıma hörmətlə cavab almışam. Mən bunu deməsəm, doğru olmaz, haqsızlıq olar. Amma bir nazirin jurnalistə bu qədər önəm verərək hesabat verdiyini görməmişdim. Sadəcə, buna vurğu vurmaq istədim.
- Sevil xanım, Türkiyənin aparıcı media qurumlarının birində köşə yazarı olaraq fəaliyyətə başlamısınız. Bölgəmizlə bağlı analizlər yazırsınız. Hazırda bölgə coğrafiyasına baxanda ümumi vəziyyəti necə qiymətləndirirsiniz?
- Təbii ki, çox ciddi və ciddi olduğu qədər də maraqlı bir mərhələyə daxil olub bölgəmiz. Hər detalı öyrənmədən nəyisə yazmaq və ya ümumi axına goşulub hay-küy edib məqalə dərc etmək və ya hansısa ənənəvi TV proqramı etmək olmaz. Doğrudur, bölgəmiz ərəb dünyasındakı hadisələrdən təsirləndi. Təsirlənmədi demək sadəlövlük olardı. Amma zəmini doğru araşdırmaq, toplumları sosioloji olaraq analiz etmək şərtdir. Məsələn, İrandakı hadisələri bir yazı ilə analiz etmək mümkün deyil.
Bu coğrafiya yeni bir mərhələyə qədəm qoyur. İstəsək də, istəməsək də bəzi şeylərin önünü kəsə bilməyəcəyik. Xalqı önəmsiyən siyasi duruşlar nəticə alacaq. Xalqın səsinə qulaqlarını bağlayan siyasət dönəmi bitdi. Yəni dönəm dəyişimi deyəndə bunları nəzərdə tuturam. Artıq xalqın səsinə qulaq vermək məcburiyyət halına gəldi. Yeni faza, yeni mərhələ əslində budur. Bu, bizim coğrafiya üçün də keçərlidir. Xalqla barmaq silkələyərək danışan siyasət dönəmi artıq bitmişdir. Ərəb dünyasında baş verənlər buna səbəb oldu.
Ərəb dünyasında baş verənlər digər coğrafiyalar üçün xalqın önəmini anlatdı. Xalqla hesablaşmaq gərəkliliyini ortaya qoydu. Yeni mərhələ elə budur.
Demokratiya artıq həyat tərzi olmalıdır. Həyat standartı olmalıdır. Məsələn, fikirlərinə görə insanlar həbs edilməməlidir və ya siyasi muxalifətdə olduğu üçün cəza almamalıdır.
- Türkiyə mediasının bir özəlliyi də qəzet jurnalistlərinin televiziyaçılardan öndə olmasıdır. Sizcə, bu, bizdə niyə əksinədir?
- Yox, bu tam belə deyil. Jurnalist jurnalistdir. Harada olmasından asılı olmayaraq onun peşəkarlığından, savadından, elmliliyindən söhbət gedir. Azərbaycanda ciddi anlamda tərəfsiz media yox dərəcəsindədir. İkincisi, Azərbaycanda xüsusi olaraq qəzet jurnalistikası ilə bir neçə barmaqla sayılan peşəkarları çıxsaq, görərik ki, bu işlə təsadüfi adamlar məşğuldur.
Bu mənzərə yalnız yazılı mətbuat üçün deyil, televiziyalar üçün də keçərlidir. Məncə, ayrı-ayrı tutarlı qəzet və televiziya jurnalistləri var. Və məhz onların üzərində durur media.
Türkiyədə cox sayda pesekar jurnalist var. Bu da təbiidir. Türk mətbuatı bu günə tez bir zamanda gəlmədi. İtkilərlə, yasaqlarla həbslərlə dolu Türkiyənin media tarixi var. Odur ki, Azərbaycanı müqayisə edəndə bu yola nəzərə almaq lazımdır.
- Xarici mətbuatda “Cənubi Qafqaz” ifadəsi daha çox işlənilir, nəinki Azərbaycan, Gürcüstanla, Ermənistan. Sizcə, bu dünyanın Cənubi Qafqaz evi yaratmaq istəyindən irəli gəlmir ki?
- Məncə, bölgə üçün Türkiyənin baş rol aldığı, müəlliflik etdiyi layihələr keçərli olacaq. Sirr deyil ki, milli mənfəətlərimizə görə ən çox iş birliyimizi tələb edən yer də Türkiyədir.
Biz anlayarıq ki, rahatlokum kimi hissə-hissə udula bilərik. Biz çox önəmliyik. Biz bunu da nəzərə almalıyıq ki, kiminlə yola çıxsaq, daha az zərər görərik, kiminlə yola çıxsaq, daha az itkimiz olar. Bu yolda Türkiyədən başqa çarə yoxdur. Mən belə düşünürəm. Türkiyə bizim yeganə və tək çarəmizdir.
Cənubi Qafqaz evi layihəsi isə indilik bir xəyaldır. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü gerçək anlamda təmin olunmayıb. Cənubi Qafqaz evi nə anlam dasıyır, əgər işğal faktı ortadan galxmayıbsa, Gürcustan və Azərbaycanın əraziləri işğala məruz galıbsa.
- Azərbaycanda son günlər müxalifət qüvvələrinin keçirdiyi aksiyaları izləyirsinizmi və bu aksiyalar Türkiyə mətbuatında necə işıqlandırıldı?
- Bəli, mətbuatdan izlədim. Əvvəlki aksiyalardan heç nə ilə fərqlənmədiyini gördüm. Təkcə Turkiyənin deyil, dunya mətbuatnda da bu aksiyalara xəbər olaraq yer verildi.
Təbii ki, ərəb bölgəsindəki hadisələrdən sonra bu sayaq aksiyalara əvvəlkindən daha çox maraq var. Bir də diqqətimi bir şey çəkdi. Əli Kərimlinin evinin önündə təskil edilən aksiya. Bu mənzərə çox çirkin görsəndi.
Biz türkük. Türk sözü törə deməkdir. Törə ənənədir. Bizim ənənədə evə, ailəyə təcavüz yolverilməzdir. Kimin hansı movqedə olmasından asılı olmayaraq ailə müqəddəsdir. Yazılan qanunlarla yanaşı, cəmiyyət yazılmayan ganunlar sayəsində təmizlənir, özünü kənar təsirlərdən qoruya bilir. Məncə, bu məsələdə siyasi məsələdən kənara keçə bilmədik sinifdə qaldıq. Bu, cəmiyyət olaraq uzərində düşünəcəyimiz ciddi məsələdir.
Anar RÜSTƏMOV