Atlantik Okeanında Cənubi Koreyaya məxsus yük gəmisi yoxa çıxıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, gəmidə 24 nəfərlik heyət üzvü olub. Heyət üzvlərindən 2 filippinli dənizçi gəminin qayıqlarının birindən xilas ediliblər. 312 metrlik Stellar Daisy yük gəmisinin heyət üzvlərindən biri SMS yazaraq gəminin getdikcə su ilə dolduğu barədə xəbərdarlıq edib.
Uruqvay donanması ərazidəki ticarət gəmilərini xəbərdar etdikdən sonra, bu gəmilər axtarışa başlayıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi “Reuters”ə bildirib ki, gəmidə olan 22 nəfərin tapılmasına yönələn axtarış əməliyyatı davam edir.
Qeyd edək ki, “Çox Böyük Filiz Daşıyıcısı" adlanan (Very Large Ore Carrier və ya VLOC) və 260 min ton tutuma malik olan gəmi Cənubi Koreya şirkəti tərəfindən istismar olunub. Lakin gəmi Marşal Adalarının bayrağını daşıyır. 24 heyət üzvünün 16-sı filippinli, 8-i isə Cənubi koreyalıdır.
Modern.az