“Minsk metrosundakı terror aktının üstü açılıb”. Bu barədə Belorus prezidenti Aleksandr Lukaşenko bu gün keçirdiyi iclasda bildirib. Modern.az rəsmi BELTA Agentliyinə istinadən bildirir ki, prezident partlayışı törədənlərin həbs edildiyini açıqlayıb.
“Cinayətin üstü bu gün səhər tezdən açılıb. Bir güllə atılmadan terrorun icraçıları həbs olunub. Səhər artıq onlar ifadə verməyə başlayıblar. Əsas odur ki, biz artıq bilirik ki, bu terror aktını kim və necə həyata keçirib. Hələlik nə üçün bunu etdikləri bilinmir. Amma tezliklə bəlli olacaq”.
Lukaşemnko deyib ki, Minsk metrosunda partlayışa görə həbs edilənlərin daha iki terror aktında əl olduğu aşkara çıxıb. “Dəhşətli də olsa, bu əclaflar tokar və çilingər kimi konkret əmək kollektivlərində işləyib. Onların vasitəçiləri və sifarişçilərini müəyyən etmək bizim üçün çox vacibdir”-deyə prezident bildirib.
Lukaşenko terror aktı ilə bağlı müxalifətçiləri də istintaqa cəlb etməyi tələb edib. “Bəlkə bu “beşinci kolonu”nun nümayəndələri sifarişçinin kim olduğunu bizə deyərlər”-deyə Lukaşenko vurğulayıb.
Qeyd edək ki, Belorus güc strurkturları dünən gecə partlayışla bağlı ilk şübhəli şəxsləri saxlayıblar.
Belorus vətəndaşı olan bu şəxslərdən biri 1986-cı il təvəllüdlüdür. Terror aktını məhz onun həyata keçirdiyi ehtimal edilir.
Modern.az