«Nərimanov» elektrik deposunda qatarların sınaq yolu inşa olunur. Bu haqda Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O qeyd edib ki, yolun qurulması üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparılıb:
“Hətta 1970-ci illərdə depo yollarından biri sınaq yolu kimi istifadə edilib. Lakin effektsiz olduğundan ləğv edilib. Mövcud şəraitdə belə bir yolun qurulması mürəkkəb olduğundan, «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində «Nərimanov» elektrik deposuna yaxın ərazidə 8 min kvadrat metrə yaxın torpaq sahəsi metropolitenə verilib.
Yolun ümumi uzunluğu 1060 metr olacaq. Onun 800 metri sınaqların aparılması məqsədilə istifadə ediləcək. 260 metrlik yan yol isə qatar dayanacağı olacaq”.
N.Paşayev bildirib ki, əsas işlər «Bakı Metropoliteni» QSC-nin vəsaiti və daxili əmək resursları hesabına aparılıb:
“Sınaq yolu boyunca istinad divarı inşa olunub, mürəkkəb geoloji şəraitdə torpaq işləri görülüb, birinci beton təbəqəsi tökülməklə yol infrastruktrunun qurulması üçün zəmin yaradılıb”.
Gülşən RAUFQIZI