Modern.az

Keçmiş döyüşçülər: “Cocuq Mərcanlıda vuruşan şəhidlərin adı əbədiləşdirilsin”

Keçmiş döyüşçülər: “Cocuq Mərcanlıda vuruşan şəhidlərin adı əbədiləşdirilsin”

Aktual

5 Aprel 2017, 15:32

 

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə Təhsil Nazirliyinin təşkilatçılığı ilə səfər təşkil edilib.

 

Modern.az xəbər verir ki, səfərdə əcnəbi tələbələr və digər nünamayəndələrlə yanaşı  Cocuq Mərcanlıda ilk şəhid olan Faiq Rzayevin anası Ruxsarə Məmmədova da  olub.            

 

Şəhidin anası 24 ildən sonra Cocuq Mərcanlıya gələrək  təəssüratlarını belə bölüşüb.

 

“Oğlum Faiq Rzayev  24 il bundan əvvəl Cocuq Mərcanlıda şəhid olub. İlk dəfə oğlum şəhid olmamışdan bir həftə əvvəl Cocuq Mərcanlı kəndində olmuşam. İkinci dəfə 24 ildən sonra ilk dəfə bura gəlirəm. Əlbəttə, 24 ildən sonra oğlumun şəhid olduğu torpağa gələndə  özümü çox qəribə hiss elədim. Çox istəyərdim ki, Cocuq Mərcanlıda oğlumun adının əbədiləşdirilməsi həyata keçirilsin. Oğlumla  yanaşı, digər şəhidlərin də adına Cocuq Mərcanlıda bir abidə qoyulsun. Biz valideynlər də bura gələndə həmin abidəyə baxaraq  təsəlli tapaq”

 

24 il bundan əvvəl Cocuq Mərcanlıda döyüşən keçmiş döyüşçü Mənsur Məmmədov Modern.az-a açıqlamasında  24 il sonra bura gələndə fərqli əhval-ruhiyyədə olduğunu deyib.

 

“1994-cü ildə  Cocuq Mərcanlıda döyüşmüşəm. 24 ildən sonra bura gələndə özümü  tamam fərqli əhval-ruhiyyədə hiss elədim. Hazırda  tikinti işləri aparılır. Arzu edirəm ki, digər ərazilərimiz də Cocuq Mərcanlı kimi işğaldan azad edilsin və tikinti-bərpa işləri həyata keçirilsin. Keçmiş döyüşçü olaraq burada aparılan işlərdən qürur hissi duyuruq”

 

Cocuq Mərcanlıda  vuruşan digər döyüşçü Faiq Hüseynov  bu yerlərin azad edilməsinin hər kəsdə ruh yüksəkliyini daha da artırdığını  bildirib.

 

“Cocuq Mərcanlı kəndi ilk dəfə 1994-cü ildə azad edilib. Həmin vaxt burada döyüşmüşük və əlil olmuşam. Rəhmətli Faiq Rzayev hazırda dayandığımız yerdə ermənilərin qəfil  hücumu zamanı şəhid olub. O, bu kəndin ilk şəhididir. 1994-cü ildə Cocuq Mərcanlı kəndini yenicə azad etmişdik ki, ermənilər ərazini yenidən atəşə tutmuşdular. Faiq Rzayevlə bağlı onu deyə bilərəm ki, mən də keçmiş döyüşçü olaraq onun və Cocuq Mərcanlıda  vuruşan digər şəhidlərin  adının əbədiləşdirilməsini istəyirik. Bu çox gözəl təşəbbüsdür. Onlar bu kəndin uğrunda şəhid olublar. Biz də onların adına abidə ucaldılmasını istəyirik.

 

Namidə Bingöl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza