“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Neftçi” ilə oyundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb. Modern.az-ın əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyun barədə fikirləriniz..
- Əvvəla "Neftçi"ni 80 illik yubiley münasibəti ilə təbrik edirəm. Bu böyük tarixdir. "Neftçi" hər birimizin fəxridir. Ancaq "Qarabağ" da tarixi 1950-ci illərə gedib çıxan bir klubdur. Əvvəlki oyunda "2:0" qələbəmiz var idi. Müsbət nəticə gözləyirdik. Belə də oldu. Razı qaldım oyundan. Çox yaxşı oyun keçdi.
- Demək olar ki, komanda ikinci heyətlə oynayırdı. Oyunçuların çıxışlarından razı qaldınızmı?
- Mən düşünürəm ki, hər şey normal idi, yaxşı oynadılar. Oyunçulardan da, qapıçımızdan da razı qaldım. Əsas odur ki, bizə lazım olan nəticəni qazana bildik. “Qəbələ” ilə oyun bizim üçün çox vacibdir. Ona görə mən məşqçinin strategiyasını başa düşürəm.
- Heyətdəki dəyişiklər “ Qəbələ” ilə oyun üçün idi?
-Qurban Qurbanovun nə düşündüyünü bilmirəm. Amma mən şəxsən belə hesab edirəm ki, bu düzgün siyasət idi. “Qəbələ” ilə əsas heyətdə çıxmaq oyunun gedişatını dəyişə bilər.
- Komanda finalda da “Qəbələ” ilə qarşılaşacaq..
- Təbii ki, məqsəd qızıl dublu qazanmaqdır. “Qarabağ” adı ilə, oyun tərzi ilə bu qələbəyə layiq komandadır. Ancaq biz bilirik ki, “Qəbələ” də güclü rəqibdir. Ona görə də maraqlı və həyacanlı oyun olacaq.
- Ona da şahid oluruq ki, “Qəbələ” komandası “Qarabağ”a qarşı sanki xüsusi motivasiya ilə oynayır..
- Adətən “Qarabağ”ın da digər klublarla elə oyunları olur ki, oyun tərzi fərqli olur. "Qarabağ” oyunçuların da belə bir xüsusiyyəti var ki, zəif komandalara qarşı oyunlarımızda da qəribə bir süstlük olur. Çox mürəkkəb bir oyun gözləyir bizi.
- Seçim qarşısında olsanız kuboku qazanmağı seçərdiz, yoxsa çempionluğu?
- Əlbəttə ki, çempionluğu. Ancaq bunu əvvəlcədən demək düzgün deyil. İstənilən halda biz hər iki mükafata namizədik. Onu da demək istərdim ki, ən çox istəyərdim "Qarabağ” çempionluğu qazansın. Çünkü bu bir tarixi nəticədir. "Qarabağ”ın həssas tarixi dönəmində bu uğuru qazanması elə dünyaya çatdıra biləcəyimiz bir mesaj olacaq. Qalib olmağa iddiamız var.
- Reynaldo “Qarabağ”dan getdikdən sonra yeni komandasında heyətə düşə bilmir...
-O, çox istedadlı futbolçudu. Bilmirəm, səbəbi nədi.
- Kluba geri qayıtmasına şansı varmı?
-Biz peşəkar komandayıq. Qurban Qurbanovun işlərinə qarışmırıq. Bildiyiniz kimi biz də indi transfer sezonu deyil. Əgər məşqçi yenidən Reynaldonu komanda da görmək istəyərsə bu məşqçinin komanda üçün doğru hesab etdiyi qərarı olacaqdır. Eyni zamanda bu bizim üçün riskli ola bilər.
- Kubokun finalı Naxçıvanda olacaq...
- Əla, əla, dəstəkləyirəm. Gedib Batabatda kabab yemək istəyirəm. Çox sevindim, təki bölgələrdə futbol olsun.
- Azarkeşlərin Naxçıvan Muxtar Respublikasına getməsinə kömək edə biləcəksinizmi?
- Xeyr, ona söz verə bilmərəm. Mən sizə deyim ki, Naxçıvana getmək, Gədəbəyə getməkdən ucuz başa gəlir. Azarkeşlərimizi dəvət edirəm ki, gəlib bizi izləsinlər. Həm də bütün yükü bir sponsorun üstünə atmaq olmaz ki. Azarkeşləri hətta xaricdə yaşayan azarkeşləri də dəvət edirəm ki, gəlib dəstək olsunlar.
Aida ISAQ