Prezident İlham Əliyev Bakı 2017
Ötən axşam Bakı şəhəri “Daş Salnamə Muzeyi”ndə keçirilmiş Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı 2017 "Xəzər dənizindən başlayan Səyahət" proqramına rəsmi şəkildə start verilib.
Bakı 2017 İslam Oyunlarından Modern.az-a verilən məlumata görə, Azərbaycanın Birinci Vitse-prezidenti və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının Prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz tərəfindən müşayiət olunan Prezident İlham Əliyev, Xəzər dənizinin suyu ilə doldurulmuş mis səhəngləri 16 uşağa təqdim edib. Məhz həmin uşaqlar Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ruhunu Azərbaycan xalqına çatdırmaq üçün bu suyu öz doğma şəhərlərinə aparacaq.
İlkin Təqdimat Mərasimində Prezident İlham Əliyev tərəfindən təqdim olunan su Bakı şəhərinin sakini 11 yaşlı Həyat Allahverdiyeva və iki azərbaycanlı idmançı - taekvando üzrə Dünya Çempionatının bürünc mükafatçısı Rəşad Əhmədov və “Rio-2016” Yay Olimpiya Oyunlarında güləş üzrə gümüş medal qazanan Mariya Stadnik tərəfindən Xəzər dənizindən götürülüb..
37 gün davam edəcək və 3000 km-dən çox məsafəni əhatə edəcək bütün ölkə boyu səyahətin başlanmasından xəbər verən bu mərasimdə Azərbaycan xalq rəqsləri nümayiş olunmuş, Azərbaycan Respublikasının xalq artisti, Şöhrət ordeni, “Qızıl çinar” və digər beynəlxalq mükafatlar sahibi Alim Qasımov və qızı Fərqanə Qasımova müxtəlif əsərlər ifa etmişlər. Su ilə bağlı mərasimin yaratdığı gözəllik, eyni zamanda atəşfəşanlıq tamaşaçıların zövqünü oxşayıb.
İlkin Təqdimat Mərasimi başa çatdıqdan sonra "Xəzər dənizindən başlayan Səyahət" Azərbaycanın 15 rayonunu diyar-diyar dolaşacaq. Rayonların hər birində iki tədbir təşkil olunacaq. İlk Su Mərasimi tədbiri həmin rayonun füsunkar təbii gözəlliyi ilə seçilən tematik ərazisində gündüz saatlarında keçiriləcək. Axşam saatlarında isə rayonun azyaşlı sakini və iki azərbaycanlı idmançı su ilə doldurulmuş Səhəngi Su Festivalında təqdim edəcəklər.
Mərasimdən sonra həmin su Bakıya gətiriləcək və 12 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasiminin tərkib hissəsi olacaq.
Su Festivalı tədbiri isə axşam saatlarında rayonun mərkəzində keçiriləcəkdir. İctimaiyyət üçün açıq olan bu tədbirdə iştirak ödənişsizdir. Burada yerli musiqiçilərin ifaları, rəqqasların çıxışları, habelə, gözoxşayan su şousu və möhtəşəm atəşfəşanlıq qonaqları heyran edəcək.
Bakı şəhərində keçirilmiş və ilkin təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rayonun azyaşlı sakininə təqdim olunmuş, birlik və həmrəylik ruhunu simvolizə edən Səhəng həmin tədbirə gətiriləcək.
IV İslam Həmrəyliyi oyunları Təşkilat Komitəsi “Xəzər dənizindən başlayan Səyahət"in ilkin təqdimat mərasimi haqqında danışarkən qeyd edib ki, bu möhtəşəm mərasim Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ruhunu Azərbaycan xalqına çatdırmaq məqsədi daşıyan ümummilli səyahətin başlamasından xəbər verir.
Qeyd edilib ki, Xəzər dənizindən başlayan Səyahətin ölkəmizin bütün guşələrinin təbii gözəlliyini, füsunkar təbiət landşaftını və mənzərəli yerlərini nümayiş etdirmək üçün əla fürsətdir.
Məlumat üçün bildirək ki, ilkin təqdimat mərasiminin keçirildiyi məkan - Daş Salnamə Muzeyi 1921-ci ildə inşa olunmuş keçmiş elektrik stansiyasının binasında yerləşir və Azərbaycanda neft sənayesinin yaranması ilə ayrılmaz şəkildə əlaqəlidir. Bu bina 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə muzey kimi istifadəyə verilmişdir və Bakı şəhərində Bayraq Meydanının yaxınlığında yerləşir. Muzeydə Azərbaycanın bütün guşələrindən toplanılmış qədim və müasir dövrə aid daş eksponatlar, kitabələr və heykəllərdən ibarət zəngin kolleksiya saxlanılır.
"Xəzər dənizindən başlayan Səyahət" haqqında daha ətraflı məlumat əldə etmək üçün internet səhifəsinə (baku2017.com/en/p/journey-from-the-caspian) daxil olmağınız xahiş olunur.
Namidə BİNGÖL