Modern.az

Ali Məktəblərə sənəd qəbulu başlayır

Ali Məktəblərə sənəd qəbulu başlayır

14 Aprel 2011, 14:32

Qəbul imtahanlarına nəzarət edəcək 8000-dək müəllim və təhsil işçisi təlimatlandırılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın ali məktəblərinə ərizə qəbuluna start verməyə hazırlaşır. Bu barədə Modern.az saytına TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. E.Nağızadə bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə gələn həftə mətbuat konfransı keçirəcək, ali məktəblərə ərizə qəbulunun və qəbul imtahanlarının vaxtı barədə məlumat açıqlayacaq, yeniliklər haqda danışacaq.

E.Nağızadənin sözlərinə görə, fevral ayının 8-dən aprelin 13-dək respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında nəzarətçi qismində iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirilib.

Seminarlar təsdiq olunmuş qrafik üzrə  Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Göyçay, Mingəçevir, Şəki, Quba, Naxçıvan, Qusar, Ağstafa, Yevlax, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdaş, Cəlilabad, Masallı və Salyan şəhərlərində  təşkil olunub.

Bakı şəhərində üzrlü səbəblərə görə seminarlarda iştirak edə bilməyən nəzarətçilər üçün martın 10-da və 11-də ayrıca seminarlar keçirilib.

Beləliklə, TQDK-nın Təşkilat şöbəsinin və regional bölmələrinin məsul əməkdaşları tərəfindəm keçirilən bu seminarlarda zal nəzarətçiləri bazasına daxil olan 8000-dək müəllim və təhsil işçisi iştirak edib. Onlardan 1000 nəfəri nəzarətçilər bazasına cari ildə daxil edilib.

Seminarlarda imtahan prosesinin idarə olunmasında zal nəzarətçisinin üzərinə düşən vəzifələr, təlimati qaydalar, sənədlərlə iş və imtahanın texnologiyası ətraflı izah olunub. Bu  prosedurları nəzarətçi-müəllimlərə dolğun şəkildə çatdırmaq üçün məşğələlər 25-30 nəfərlik qruplarla  aparılıv. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunub.

Seminarlarda həmçinin, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib, imtahanın gedişində rast gəlinən problemlər sistemləşdirilərək həlli yolları sadalanmış, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətləri interaktiv üsullarla – sorğu-suallarla müəyyənləşdirilib.

Seminarlar–məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.

“Seminarlarda iştirak edən müəllimlər, xüsusilə  ilk dəfə cəlb olunanlar aprelin 3-dən TQDK tərəfindən keçirilən sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunurlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edir. Onların bu imtahanlarda fəaliyyətləri TQDK-nın əməkdaşları və imtahan rəhbərləri tərəfindən qiymətləndiriləcək,  nəzarətçinin qəbul imtahanlarına hazır olub-olmaması barədə rəy veriləcəkdir. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar”-deyə E.Nağızadə bildirib.

Xatırladaq ki, ötən il ali məktəblərə ərizə qəbulu aprelin 20-də başlamışdı, mayın 31-dək davam etmişdi. 

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu