Modern.az

Azərbaycanlı əlillər: “Cəmiyyətin psixoloji “terroruna” məruz qalırıq”

Azərbaycanlı əlillər: “Cəmiyyətin psixoloji “terroruna” məruz qalırıq”

Aktual

6 Aprel 2017, 16:14

Bu gün ölkəmizdə fiziki məhdudiyyətli insanların sayı artır. Belə olan halda sual yaranır: “Bəs onların qayğıları, problemləri necə, həllini tapırmı?”.

Əlbəttə ki, cəmiyyətdə gedən hər bir proses dolayısı və ya birbaşa onlara təsir edir. Bəs hazırda fiziki məhdudiyyəti olan insanları narahat edən əsas səbəblər nələrdir? Onların hansısa təklifləri varmı? Ümumiyyətlə, indiki vəziyyət onlar üçün əlverişlidirmi?  

Mövzu ilə bağlı Modern.az saytı fiziki məhdudiyyətli insanlardan bu kimi suallara cavab axtarıb: 

Mətanət Qudsi (yazar, şair): “Fiziki məhdudiyyətli bir insan kimi bu mövzudan saatlarla danışa bilərəm. Çünki şikayətçiyəm və çox problemlərim var. Öncə, bizi narahat edən səbəb fiziki vəziyyətimizlə bağlıdır: yolda, kitabxanada, nəqliyyatda yaranan problemlər. Digər tərəfdən də, mənəvi problemlər.

 

Əsas çətinlik cəmiyyətin bizə olan münasibətidir. Düzdür, dostlarımız, qohumlarımız, yaxınlarımız bizi olduğumuz kimi qəbul ediblər. Ancaq cəmiyyətin digər üzvləri var ki, onlar bizi nəinki qəbul eləmirlər, heç bunu istəmirlər də. Bərabər gedərkən yan baxmalar, qulaq çəkmələr, gəzərkən pul vermələr və bu kimi digər  xoşagəlməz hallar olur. Ümumiyyətlə, bu haqda istər televiziya verilişlərində, istərsə də internet resurslarındakı müsahibələrimdə geniş danışmışam. TV-lərə çıxmağımın da əsas səbəbi fiziki məhdudiyyətli digər insanları motivasiya etməkdir. Yəni o insanlara psixoloji təsir göstərərək, neqativ fikirlərində dəyişiklik yaratmaq istəmişəm. Doğrudur, mən danışacağım məsələlərin 90 %-ni çoxdan keçmişəm, yəni o əngəlləri geridə qoymuşam.

 

Mən bir neçə əlil insan tanıyıram ki, heç onlar orta məktəbdə sona kimi təhsil ala bilmirlər. Yəni komplekslərə görə evdən kənara çıxmırlar, ancaq düşünmürlər ki, bu kompleks onlara ziyan verir. Cəmiyyətdə olmayan insan nə edə bilər ki? Hansı yaşamaqdan, potensialdan danışa bilər ki?

Hazırda mənəvi-psixoloji problemdən sonra ən böyük problem nəqliyyatda yaşanır. Kitabxanaya getmək istəsək orada arabaların keçməsi üçün şəraitin olmadığını görəcəyik. Kafe, restoran, klub, məktəb, universitet, gənclər mərkəzi, yaxud da nazirliklərin binası olsun, burada belə bir şərait yoxdur. Əlilliyi olan insan harasa getmək üçün taksidən istifadə etməlidir və bu zaman da onun yanında ən azı bir-iki nəfər olmalıdır. Həmin taksilərə verdiyimiz pul isə aldığımız müavinətin yarısı qədər edir. Yəni aldığımız müavinətlər də yaşayış səviyyəmizi ödəmir, yoxsa taksi istifadəsindən şikayətlənmərəm. Yaxud da belə bir qanun qəbul oluna bilər ki, filan taksilər əlilliyi olan insanlar üçün pulsuzdur. Yəni müavinət az olsa da, bizim nəqliyyat problemimiz olmaz. Beləcə, cəmiyyətdən də uzaq düşmərik.

Döğrudur, tədbirlər keçirilir, qrantlar udulur. Ancaq burada da hər kəs özünü düşünür. Çünki onlar bizi dəvət edirlər, ancaq düşünmürlər ki, biz ora necə gedirik.

 

Bəzən deyirlər ki, biz neqativik. Öz adımdan deyə bilərəm ki, mən heç vaxt üsyan eləməmişəm. Sadəcə bizə pis yanaşan insanlara qəribə baxmışam.

Digər tərəfdən belə qanun var ki, hər kəsin təhsil almaq hüquqi vardır. Bəs nəyə görə təhsil ocaqlarında bizim fiziki vəziyyətimizi nəzərə alacaq şərait yoxdur? İndi Bakı və Şəmkirdə distant təhsil tətbiq olunur. Elə Şəmkirdə 50 əlil insan distant mərkəzində təhsil alır. Amma burada 120-dən çox əlilliyi olan insan var. Yəni elə əlil insan var ki, adını yaza bilmir, riyazı əməlləri edə bilmir. Yəni hələ də bu kimi problemlər yaşanır.

İndi sənədlərimizə yazılıb ki, yüngül əmək qabiliyyyəti var. Ancaq bu nəyisə dəyişmir. Azərbaycanda 5,2% əlil var ki, ümumi götürəndə bu, 35 mindən çox edir və onların hamısı yaxşı vəziyyətdə yaşamır.

Fikrimcə, əlil insanlara öncə psixoloji yardım göstərmək lazımdır. Onlar sosial reabilitasiya olunmalıdırlar, yəni cəmiyyətdə olmaq üçün bunlar lazımdır. Çünki hər bir insan bir planetdir və o insanı kəşf etmək lazımdır. Əgər bir insan amputasiya olunubsa, ya da fiziki məhdudiyyəti varsa, deməli o, həmin enerjisini özünün başqa tərəfində göstərir. Allah bir tərəfədən alırsa, digər tərəfdən də verir”.

 

Samir İmanov (yazar): "Hazırda əlilliyi olan insanların qarşılaşdığı problemlərin sayı kifayət qədərdir.

 

Azərbaycanda fiziki məhdudiyyətli biri olaraq sərbəst şəkildə yaşamaq faktiki olaraq mümkün deyil. Buna görə də əlilliyi olan insanlar daimi olaraq kənar şəxsin köməyinə möhtac olurlar ki, “kənar şəxslər” də 99% ailə üzvləri olur. Bu isə onsuz da maddi sıxıntılar içində olan orta statistik Azərbaycan ailəsinin vəziyyətini daha da çətinləşdirir. Əlil şəxsin daimi qulluğa ehtiyacı olduğu üçün ailədən bir nəfər ona baxmaq üçün işdən imtina etməyə məcbur olur ki, bu da ailə büdcəsinə gələn qazancın azalmasına səbəb olur. Dövlət bunun müqabilində, əlilliyi olan şəxsə qulluq edənə müavinət verməlidir. Əlilliyi olan insanın daimi müalicəsi və bahalı ortopedik məhsullarla təminatı da ailənin üzərinə düşür. Ailənin bunları etməyə maddi imkanı olmadıqda isə əlil şəxsin vəziyəti çox acınacaqlı olur.

 

Çünki dövlət tərəfindən verilən pensiya nəinki müalicəyə və ortopedik məhsullara çatmır. Istehlak səbətindən də aşağı olduğu üçün heç normal qidalanmaya da yetmir. Əlilliyi olan şəxslər də əmək qabiliyyətli sayılsalar da, minlərlə işsiz insanın olduğu və bir iş yeri üçün yüzlərlə insanın rəqabət apardığı ölkədə əlil insanın iş tapmaq ehtimalı demək olar ki yoxdur.

Əlillik məsələləri üzrə ixtisaslaşmış Qeyri Hökümət Təşkilatlarının (QHT) işi də qənaətbəxş deyil. QHT-lərin aldıqları qrant müqabilində həyata keçirdikləri layihələr isə yalnız danışmaqdan, təlim keçməkdən, maarifləndirməkdən və bu kimi ancaq danışmaqla həyata keçirilə bilən layihələrdən ibarət olur ki, bu tip layihələrin də əlil insanlara heç bir şəkildə faydası olmur.

Nəqliyyat sistemini əlilliyi olan insanlar üçün uyğunlaşdırmağa başlasalar da, bu sahədə görüləcək işlər kifayət qədərdir.

 

Cəmi bir neçə inklusiv təhsil müəssiəsi var. Evdə verilən təhilin səviyəsi isə çox aşağı olur. Bütün bunlara görə də əlil insanlar yüksək keyfiyyətli təhsil almaqdan məhrum olurlar.

 

Ümumi götürdükdə isə, küçələrdə infrastrukturun bərbad olması, uyğun avtobusların kifayət qədər olmaması, təhsilin aşağı olması, uyğun iş yerlərinin olmaması, cəmiyyətdə əlil insanlara qarşı birmənalı olmayan münasibət, maddi vəsaitin azlığı, reabilitasiya sahəsində peşəkar həkimlərin qıtlığı əlilliyi olan insanların ən çox qarşılaşdıqları problemlərdəndir. Əgər bu problemlər öz həllini taparsa, əlilliyi olan şəxslər də rahat şəkildə öz həyatlarını qura bilərlər".

 

Azadə Bayramova 

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza