YUNESKO-nun baş direktoru İrina Bokovananın səlahiyyət müddəti 2017-ci ilin sonunda başa çatır. Modern.az xəbər verir ki, yeni müddətə bu post uğrunda 9 namizəd mübarizə aparacaq. Onlar arasında Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu da var.
YUNESKO-nun rəhbəri İcraçı Şuranın təklifi ilə Baş konfransda təyin olunur. 26-27 apreldə bütün 9 namizəd İcraçı Şuranın 201-ci sessiyasında iştirak edəcək. Onlara müxtəlif suallar verilir və bu postu tutması üçün uyğun olması yoxlanılır. Oktyabr ayında isə Şuranın 202-ci sessiyasında gizli səsvermə keçiriləcək. Noyabr ayında YUNESKO-nun 39-cu Baş konfransı yeni baş direktorun adını elan edəcək.
Polad Bülbüloğlu ekspertlər tərəfindən YUNESKO sədrliyinə ən şanslı namizəd hesab olunur. Bu onun mədəniyyət naziri (1988-2006) olduğu dövrdə Azərbaycan-YUNESKO münasibətlərinin inkişafına verdiyi töhfələrə və humanitar sahədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) yaratması ilə bağlıdır. Təsadüfi deyil ki, azərbaycanlı mədəniyyət xadiminin adı YUNESKO-nun namizədləri siyahısında ilk yerdə qərarlaşıb. Onun namizədliyini Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və s. ölkələr dəstək gəlir. Rusiya baş nazirinin müavini Olqa Qolodets də rəsmi Moskvanın bu məsələdə mövqeyini bu cür ifadə etmişdi.
“Polad Bülbüloğlu gözəl insan və ictimai xadimdir. O bütün milli mədəniyyətləri həssaslıqla duyur”.
“Rossiyskaya Qazeta”ya müsahibə verən Polad Bülbüloğlu baş direktor seçiləcəyi təqdirdə hansı addımları atacağını da danışmışdı. O ilk növbədə təşkilatın siyasiləşməsinə yol verməyəcəyini vurğulamışdı.
“Mənim prioritetim YUNESKO-da siyasi müzakirələri minimuma endirməkdir. Konfrantasiya üçün onsuz da çoxlu səbəblər var. YUNESKO-nun əsas vəzifəsi isə humanitar sferanın yardımı ilə sülh arayaışlarıdır. Və təbii ki, təşkilatın bugünkü böhranlı situasiyaya adaptasiyası önəmlidir. Bu məsələdə üzərinə düşən yolu keçməyə hazıram”.
Təbii ki, azərbaycanlının bu prestijli posta namizəd olması qonşu Ermənistanda ciddi narahatçılıq doğurub. Hətta, Ermənistan QHT koalisiyası Polad Bülbüloğlunun ünvanına uydurma ittihamlarla çıxış edərək onun namizədliyinin ləğv olunması üçün BMT Baş katibi Antonio Quterrişin adına məktub da yollamışdılar. Təbii ki, heç bir ciddi əsası olmayan erməni strukturlarının YUENSKO-ya təsir edə biləcək imkanları və arqumentləri yoxdur. Onları narahat edən isə Rusiyada 10 il ərzində səfir kimi fəaliyyət göstərən Polad Bülbüloğlunun YUNESKO baş direktoru kimi də erməni təbliğatına qarşı effektiv mübarizə apara bilməsidir.
Baş direktor postu uğrunda mübarizə aparan digər namizədlər – Fam Suan Şon (Vyetnam), Muşira Həttab (Misir), Həməd bin-Əbdüləziz Əl-Kəvari (Qətər), Tzyan Tan (Çin), Xuan Alfonso Suentes Sorio (Qvatemala), Saleh əl-Həsnəvi (İraq), Vera əl-Huri Laköy (Livan) və Odri Azuledir(Fransa).
Xatırladaq ki, YUNESKO BMT-nin mədəniyyət və elm məsələlərində ixtisaslaşan təşkilatdır.
Vüqar İSMAYILOV