Modern.az

Bakıda 9 yaşlı şəhidin qırxı anıldı

Bakıda 9 yaşlı şəhidin qırxı anıldı

14 Aprel 2011, 16:34


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” ictimai birliyi, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, “Təkamül və İnteqrasiya” beynəlxalq ictimai birliyi, və “Üçüncü Sektor” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Fariz Bədəlovun erməni snayperçiləri tərəfindən qətlə yetirilməsinin 40-cı günü ərəfəsində anım tədbiri” keçirildi.

Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək 9 yaşlı Fariz Bədəlovun xüsusi amansızlıqla qətlə yetirilməsini, Ermənistanın Fariz Bədəlovun simasında uşaqlara qarşı amansız qətliyamlar törətməsini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
“8 mart Beynəlxalq Qadınlar günündə anası Şirinnaz Bədəlovaya övladının cansız bədənini hədiyyə edən ermənilər beynəlxalq bayramı beynəlxalq qətliama cevirdilər. Teroru, təcavüzü və işğalı özünün dövlət siyasətinə çevirmiş Ermənistan dünya dövlətlərinin onların törətdiyi vəhşiliklərə təpkisizliyindən, bu qədər qətliyamlardan sonra cəzasızlıqdan  arxayınlaşaraq  ardı- arası kəsilmədən atəşkəsi pozur, həmvətənlərimizi qətlə yetirir və bununla öz siyasətini dünya içtimayətinə açıq- aydın bəyan edərək  torpaqlarımızı sülh yolu ilə azad etməyəcəyini nümayiş etdirir. Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin fəaliyətsizliyi və Ermənistana dəstəyinin, Xocalıda və digər işğal olunmuş rayonlarımızda uşaq, qoca, qadın demədən  vəhşiliklə  qətliyama uğramış insanların qanının yerdə qalmasının, insan haqlarını qoruyan təşkilatların bu haqsızlığa göz yummasının nəticəsidir ki, bu gündə Ermənistan heç nədən cəkinmədən təcavüzkar hərəkətlərini davam etdirir”.
Vüqar Qədirov çıxışında bu cür halların unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədi ilə Fariz Bədəlovun təhsil aldığı Aşağı Qərvənd kənd orta məktəbinə onun adının verilməsinin zəruri olduğunu qeyd etdi.

Sonra tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Hidayət Hüseynov, Milli QHT Forumunun Prezidenti Rauf Zeyni, “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” ictimai birliyinin sədri Kəmalə Əliyeva, “Təkamül və İnteqrasiya beynəlxalq” ictimai birliyinin sədri Arzu Qədirova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu çıxış edərək Fariz Bədəlovun ölümünün müharibə qanunlarına, insanlığa sığmayan bəşəri bir cinayət olduğunu qeyd etdilər.

Tədbirdə Fariz Bədəlovun anası Şirinnaz Bədəlova çıxış edərək Farizə atılan güllənin tək onun övladına yox, bütün Azərbaycan uşaqlarına ünvanlandığını qeyd etdi. Şirinnaz Bədəlova  dünya analarına müraciət edərək  8 mart günü onun həyatında baş verən bu faciəyə biganə qalmamağa, onun səsinə səs verməyə, erməni  vandalizminə göz yummamağa,  bu vəhşiliyi  dünya ictimayətinə duyurmağa çağırdı.

Tədbirin sonunda  Qeyri-hökumət təşkilatlarının dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanatı qəbul edildi.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?