Modern.az

Mirzə Cəlil jurnal üçün arvadından aldığı pulları da geri qaytardı” - 111 yaşlı “Molla Nəsrəddin”

“Mirzə Cəlil jurnal üçün arvadından aldığı pulları da geri qaytardı” - 111 yaşlı “Molla Nəsrəddin”

Aktual

7 Aprel 2017, 17:13

Aprelin 7-si Azərbaycan jurnalistika və publisistikasının mühüm səhifəsi olan “Molla Nəsrəddin” jurnalının ildönümüdür. “Molla Nəsrəddin” XX əsrin əvvəllərindən ta bu günədək Azərbaycana xidmət etməkdədir. Amma istər fəaliyyət göstərdiyi ilk illərdə, istər sovet dönəmində, istərsə də müasir dövrdə jurnal barəsində fikirlər birmənalı olmayıb. Bəziləri bu nəşri ictimai bəlaların sərt və ədalətli tənqidçisi sayıb. Digər tərəf  “Molla Nəsrəddin”in tənqidində ifratçılıq və qərəzlilik görüb. Üçüncü qisim isə  jurnalı sona qədər öz məsləyinə sadiq qalmamaqda, əsas qayəsindən, ideyasından sapmaqda günahlandırıb. 


Bu gün 111 yaşı tamam olan jurnal haqqında üçüncü tərəfin iddiaları ildən-ilə daha da artır. Həqiqətənmi, “Molla Nəsrəddin”  “sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” xəttinə sadiq qalmadı?


Jurnal hansı hədəflərindən uzaqlaşdı və bu uzaqlaşmanın səbəbi nə idi?

Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, araşdırmaçı jurnalist Tahir Aydınoğlu Modern.az saytına verdiyi açıqlamasında Mirzə Cəlilin öz hədəflərinə gedən yola sadiq qalması üçün yaşadığı çətinlikləri qeyd edir:

 

“Cəlil Məməmmədquluzadədə heç zaman sapma olmadı. O, Azərbaycanın bəlaların kəsib atmaq, onların üzərinə işıq salmaq istəyirdi. Ona nə lazım idi? - Xalqın özünü tanımağı, xalqın özünü bütöv görməsi, vətənin itirilmiş məcrasına qayıtması. Bunun  üçün nə lazım idisə Mirzə Cəlil onu da yazırdı, göstərirdi. O,  təkcə satira deyil, həm də maarifçi yolunu tutmuşdu. Satiranın axrasında çox böyüm meyarlar, öyrənilməli məsələlər dayanırdı. Sadəcə, üslubi satirik idi. Məzmunu isə daha geniş idi. “Molla Nəsrəddin” pisə pis, yaxşıya yaxşı deyirdi. Yəni, o sualınıza konkret cavab olaraq deyə bilərəm ki, bu jurnal heç zaman öz hədəflərinə getdiyi yoldan çəkinmədi. Heç zaman olmadı ki, yaxşıya pis,pisə yaxşı desin. Əgər “Molla Nəsrəddin” də onunla eyni dövrdə yaranan mətbuat orqanları kimi sağa-sola vursaydı, o da çox yaşamazdı. Sual verə bilərsiniz ki, niyə “Əkinçi”ilə “Molla Nəsrəddin” xalqın marağını tuta bildi? Bunun konkret cavabı var: Nə Zərdabi, nə də  Mirzə Cəlil kimdənsə pul-para almadı. Özlərini kimdənsə asılı hala çevirmədilər. Nə Zeynalabdin Tağıyev, nə Musa Nağıyev, nə Murtuza Muxtarovdan asılı deyildi ki, onların da maraqlarını diktə etsin.

Belə bir fikir var ki, həyat yoldaşı Həmidə xanım - Qarabağ xanlarının nəvəsi olub - onun çətin vaxtlarında jurnalı maliyyəlışdirib. Qətiyyən belə olmayıb. Mirzə Cəlil məktublarında deyir ki, “Həmidə, səndən bu qədər pul götürmüşdüm, indi sənə bu qədər borc qaytarıram”. Hətta öz imkanlaı həyat yoldaşından da götürdüyü pulu qaytarırdı. Ona görə qaytarırdı ki, Həmidə xanımdan asılı hala düşməsin. Çünki maddi cəhətdən asılı hala düşsə idi, gərək Həmidə xanımın jurnaldan umacaqlarına da yer ayıra idi. Yəni, xan nəslindən olan xanım idi. Deyərdi ki, Qarabağ xanlarından yazma... Mirzə Cəlil Həmidə xanımın pullarını qaytarmasaydı, gərək bunlara əməl edəydi. Bu da jurnalın öz hədəflərindən sapmasına səbəb olardı. Ondan aldığı pulu qəpiyinə qədər qaytarıb. “MollaNəsrəddin” xalqın abunə pulları ilə çıxdığı üçün yalnız xalqdan asılı idi, yalnız xalqın mənafeyinə xidmət edirdi.

Məsələnin bütün kökü də elə bundadır. Molla Nəsrəddin yeganə jurnaldı ki, bizim üçün mədəni mərkəz olan Tiflis, Təbriz və Bakı kimi şəhərlərdə çıxıb. İnqilabdan qabaq çıxan yeganə nəşrdir ki, onun sovet dövründə də çap olunmasına icazə verildi.  Bir neçə nəsil jurnalistlərin böyük müəllimi olan professor Abbas Zamanov deyirdi ki, əgər jurnalistin xəmirində “Əkinçi” ilə “Molla Nəsrəddin”in mayası olması onun çörəyi küt gedər”.

Tahir Aydınoğlu həm də jurnalın yaranma tarixi ilə bağlı bir məsələyə aydınlıq gətirib. Bildiyimiz kimi, ilk sayın çıxdığı 7 aprel tarixi, hicri tarixlə  gəstərilir və jurnalın əslində, 20 apreldə yarandığı deyilir.


Araşdırmaçının sözlərinə görə, burada o qədər də kəskin fərq yoxdu. Əgər ictimai şüur, arxiv sənədləri onu 7 aprel kimi qəbul edirsə, tarixi dəyişməyin heç bir əhəmiyyəti yoxdu:

“Mirzə Cəlil jurnalın məramnaməsinin əks olunduğu ilk məqalənin altında öz əli ilə tarixi yazıb. Həmin tarix də aprelin 7-si kimi göstərilir. Məncə, o tarixi dəyişməyə o qədər də ehtiyac yoxdu. Uzaq başı  aprel yazıbsa, şəxsən mənim əlim o tarixi dəyişməyə gəlməz”.

E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza