Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının 27 yanvar 2011-ci il tarixli iclasında verilmiş tapşırıq və göstərişlərin icrası istiqamətində işlərini davam etdirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirilib ki, ünvanlı sosial yardım və tibbi-sosial ekspertiza ilə bağlı əhaliyə göstərilən xidmət səviyyəsinin, komissiyalarda və əhalinin sosial müdafiəsi mərkəzlərində çalışan işçilərin məsuliyyətinin artırılması, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” Qanunun icrasının təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib.
Vəzifələrinin icrasında, həmçinin vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının Əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşları vəzifələrindən azad edilib, 5 rayonun (Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi) mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 15 nəfərə isə töhmət verilib.
İctimai nəzarətin gücləndirilməsi məqsədilə “Ünvanlı sosial yardım təyin edən“ Komissiyanın Əsasnaməsinə əlavə və dəyişikliklər edilərək Komissiyanın üzvləri siyahısına təşkilati – hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatların (qeyri hökumət və həmkarlar ittifaqları daxil olmaqla) nümayəndələri də daxil edilibr.
Son 3 ay ərzində ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlilliyin müəyyən edilməsi ilə əlaqədar 800-dən çox ərizə birbaşa nazirliyin əməkdaşları tərəfindən, 55 ərizə isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları ilə birgə vətəndaşların iştirakı ilə araşdırılmış və müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, 6 Zona üzrə Tibbi-sosial ekspert komissiyalarının (Bakının Xətai, Nizami, Nərimanov rayonları üzrə 2 nömrəli Zona TSEK, Gəncə, Göyçay, Daşkəsən rayonları üzrə 7 nömrəli zona TSEK, Göyçay, Ağdaş rayonları üzrə 15 nömrəli əsas baza Zona TSEK, Zərdab, Ucar, Kürdəmir rayonları üzrə 15 nömrəli səyyar TSEK, Tovuz, Qazax, Ağstafa rayonları üzrə 16 nömrəli TSEK və Ağcabədi, Ağdam rayonları üzrə 18 nömrəli səyyar TSEK) sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məqsədilə nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Modern.az