Suriyada hökumət güclərinin İdlib şəhərində dinc əhaliyə qarşı kimyəvi silahlar tətbiq etməsindən sonra dünya birliyi yenidən sükutu pozdu - necə də olmasa körpələrin iniltisi, dramatik səhnələr hamıya təsir etmişdi.
Suriya böhranının yaranmasında və elə bu münaqişənin həllində dominant olan Amerika Birləşmiş Ştatları isə Bəşər Əsəd hakimiyyətini sanki qarmağa keçirdi, kimyəvi silahların tətbiqi şəxsən Ağ Ev rəhbəri Donald Trampı bərk hiddətləndirdi.
Məhz buna görədir ki, ABŞ lideri Bəşər Əsədin qırmızı xətti keçdiyini bəyan etdi və sələfi Barak Obamanın bacarmadığı işin öhdəsindən gəldi – Homs əyalətindəki “Əş Şeyrat” hərbi bazası birbaşa Trampın göstərişi ilə Aralıq dənizindən “Tomohavk” raketləri ilə atəşə tutuldu.
Yaxın Şərqin xaotik mərkəzlərindən birinə çevrilən Suriyada baş verən dramatik proseslər fonunda Trampın strategiyası bir çoxlarını təəccübləndirdi və eyni zamanda sevindirdi.
Bununla da Rusiya lideri Vladimir Putinin Tramp haqqında yaratdığı obraz darmadağın oldu – nə də olsa Kreml başçısı Trampa böyük ümidlər bəsləyirdi axı.
Gərgin diplomatik və siyasi gərginlik fonunda isə ABŞ dövət katibi Reks Tillersonun aprelin 11-12-də Moskvaya səfəri gözlənilir.
Reks Tillerson Rusiya xarici işlər naziri Sergey Lavrovla başda Suriya münaqişəsi olmaqla, Şimali Koreya və Ukraynadakı situasiyanı, həmçinin qlobal təhlükəsizlik məsələlələrini müzakirə edəcəklər.
Bu haqda açıqlama yayan Rusiya Xarici İşlər Nazirliyi onu da bəyan edib ki, Tillersonun səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında böyük rol oynayacaq və bu istiqamətdə Ağ Ev administrasiyanın səylərini alqışlayırlar.
Lakin diplomatik mübaliğə libası geyindirilmiş bəyanat heç də reallığı əks etdirmir, əksinə Suriya münaqişəsinə görə ABŞ-la Rusiya arasında yaranan fikir ayrılıqları daha da dərinləşir. Suriya ilə bağlı narazılıqların artması isə Dünyanın iki fövqəldövləti arasında soyuq müharibənin bəlkə də pik həddidir.
Buna görə də, Reks Tillersonun rusiyalı həmkarı Sergey Lavrovla görüşünün elə də asan olmayacağı bəllidir.
Şübhə etməyə yer qalmır ki, Tillerson Rusiyaya Bəşər Əsədi dəstəkləməsinə görə Vaşinqtonun iradlarını çatdıracaq.
ABŞ Dövlət Departamentinin anonim rəsmi şəxsləri isə Tillersonun Rusiya səfərini kəşfiyyat xarakterli hesab edirlər. Onlar qeyd edir ki, Tillersonun Moskvaya yollanması potensial əməkdaşlığa stimul kimi qiymətləndirilə bilər. Lakin bundan əvvəl əməkdaşlığın daha da genişləndirilməsinə dair ABŞ tərəfindən heç bir qərar qəbul olunmayıb.
“Ola bilər ki, Tillerson Rusiyada demokratik qüvvvələrin nümayəndələri ilə görüşsün. Konqres üzvlərinin dediyi kimi bu, baş tutmaya da bilər”-deyə rəsmilər əlavə edib.
Qərb KİV-ləri yazır ki, Suriya konflikti ilə bağlı gərginlik artsa da, Putin administrasiyası hələ də Donald Trampa ümidli idi – Bəşər Əsəd güclərinin kimyəvi silah tətbiq etməsinə qədər.
Trampın xarici siyasət üzrə kadrlarının təyin olunmasında məsləhətçi rolunu oynamış İrs Fondunun (Heritage Foundation) eksperti Ceyms Karafano deyib ki, Trampın Putinlə münasibətləri barədə deyilənlərin hamısı şişirdilmiş məlumatlar idi.
“Heç kim bu barədə danışmırdı. Biz sadəcə Rusiya ilə razılıqları azaltmağa maraqlı idik və bu belə də oldu”-deyə Karafano bildirib.
ABŞ xarici siyasət idarəsinin başçısı Tillersonun Moskva səfərindən öncə isə Vaşinqtonu n Rusiyaya qarşı ittihamları diqqət çəkir.
Belə ki, ABŞ Suriyada kimyəvi silahların saxlanılmasına görə dünya ölkələrini səriştəsilikdə ittiham edir. Bununla paralel olaraq Rusiyanın Avropada keçiriləcək seçkilərin nəticələrinə müdaxiləyə cəhddə günahlandırır.
“Lakin Rusiyanın davranışları dəyişməyib. Kreml hələ də kiber hücumlardan, iqtisadi rıçaqlardan, hədələrdən istifadə edir”-bunu Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə keçmiş koordinatoru, hazırda Xarici Əlaqələr Şurasının əməkdaşı Filip Qordon deyib.
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley isə bildirib ki, hazırda ABŞ-ın Rusiyaya qarşı sərt mövqe sərgiləməsi ən təhlükəsiz yoldur.
Ancaq, Qərbin ekspert çevrələri vurğulayır ki, Trampın Suriya ilə bağlı elə də böyük strategiyası yoxdur. Məsələn, ABŞ prezidenti "İslam dövləti" (İŞİD) terror təşkilatını məhv edəcəyini desə də, hələlik ortada bir nəticə yoxdur. Amma o da bəllidir ki, İŞİD-lə mübarizədə ABŞ-la Rusiya eyni mövqe sərgiləyir. Amma bu mövqelərin uzlaşdırılması vacib məqamdır. Yəqin ki, Tillersonun səfərində bu məsələ də müzakirə ediləcək.
Bu arada, ABŞ-ın dövlət katibi Reks Tillersonun aprelin 11-12-də Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünün ləğv edildiyi bildirilir.
Bu haqda "Amerikanın səsi" radiostansiyasının büro rəhbəri Stiv German məlumat yayıb. Görünən odur ki, Rusiya və ABŞ Suriya münaqişəsnin həlli bağlı hələ çox baş sındırmalı olacaq...
Aqşin KƏRİMOV