ABŞ aprelin 7-nə keçən gücə Suriyanın Homs vilayətində yerləşən Şayrat aerodromuna raket zərbələri endirdi. Bununla da, vətəndaş müharibəsinin başlanmasından keçən 6 ildə ilk dəfə ABŞ Əsəd rejiminə güc tətbiq etmiş oldu.
Aralıq dənizində yerləşən hərbi gəmilərdən atılan 59 “Tomoqavk” tipli qanadlı raketlər aerodromun infrastrukturunu, oradakı təyyarələri və təlim mərkəzini məhv etdi. Müvafiq göstərişi verən Donald Tramp mətbuata açıqlamasında bu zərbələrin İdlib vilayətində baş verən kimyəvi hücumlara cavab olaraq atıldığını bəyan etdi. Xan-Şeyx vilayətindəki həmin hücum zamanı 70-dən artıq insan həlak olmuş, 500-ə qədər insan isə xəsarət almışdı.
Bundan əvvəl də, Suriyada kimyəvi hücumların olduğu barədə məlumatlar yayılırdı. Lakin Barak Obama hakimiyyəti bu məsələdə passivlik nümayiş etdirir, son zərbəni endirmirdi. Bu mənada, sərt ritorikası ilə sələfindən xeyli fərqlənən Donald Tramp münaqişədə aktiv mövqe tutaraq, Moskvanın müttəfiqinə qarşı sərt tədbirlər gördü. Bu addım heç şübhəsiz ki, ABŞ-ın beynəlxalq aləmdə, xüsusən Yaxın Şərqdə mövqeyini möhkəmləndirəcək, Moskvanın və Tehranın isə öz müttəfiqlərini hava hücumundan qoruya bilməyəcək qədər zəif olmasını əyani şəkildə sübut edəcək.
Yeni baş verməsinə baxmayaraq, Əsəd rejiminin bombalanması Amerikaya gözlənilməz dividendlər gətirib. İstər Türkiyə, istər ərəb ölkələri, istərsə də Avropa bütün sivil dövlətlər Vaşinqtonunu addımına tam dəstək ifadə ediblər. Türkiyə prezidenti Ərdoğan isə hətta, bu hücumların daha da intensivləşməsinə tərəfdar olduğunu bildirib.
Bu situasiyada mütttəfiqini qoruya bilməyən, müasir S-400 zenit-raket komplekslərini işə salaraq ABŞ raketlərini vurmağa cürət etməyən Moskva İranla birlikdə təklənmiş vəziyyətdə qalıblar. Bundan əlavə, Tramp administrasiyasının ruslara qarşı münasibətinin kəskinləşdiyini sübut edən başqa siqnallar da mövcuddur. Ağ Evdəki diplomatik mənbələr Trampın yeni sanksiyalar barədə düşündüyü də göstərir. Baş verənlər Donald Tramp və Vladimir Putin arasında böyük ümidlə gözlənən mülayim münasibətlərin, əməkdaşlıq ritorikasının başa çatdığını və ölkələr arasında konfrontasiyanın kəskinləşəcəyini göstərir.
Vüqar İSMAYILOV