Modern.az

“24 yaşı tamam olan “Yeni Azərbaycan” qəzetinin gələcək planları var”

“24 yaşı tamam olan “Yeni Azərbaycan” qəzetinin gələcək planları var”

10 Aprel 2017, 15:47

Bu gün Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin fəaliyyətə başladığı tarixdir. Qəzet 1993-cü il aprelin 10-da işə başlayıb. İlk vaxtlarda qəzetin baş redaktoru Xeyrəddin Qoca olsa da, sonradan bu işi sabiq deputat Alqış Musayev aparıb. 2008-ci ildən isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur.

Hikmət Babaoğlu  “Yeni Azərbaycan” qəzetinin yaranması ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

““Yeni Azərbaycan” qəzeti  müstəqil mətbuatımızın yeni formalaşdığı illərdə-1993-cü ildə işıq üzü görüb və media həyatına ideoloji qəzet kimi başlayıb. Əlbəttə ki, ötən illər ərzində  ölkəmizin ən məşhur və sevilən  ictimai-siyasi qəzetlərindən birinə çevrilib. “Yeni Azərbaycan” qəzeti fəaliyyət göstərdiyi illər ərzində  ölkəmizdəki ictimai rəyin düzgün əsaslarda formalaşması üçün  xeyli dərəcədə xidmət göstərmiş qəzetdir. Eyni zamanda, milli mətbu orqanlarımız içərisində obyektivliyi və milli-mənəvi dəyərlərimizin geniş təbliğ etməsi ilə seçilən, dünyada baş verən hadisələri analitik təfəkkürün süzgəcindən keçirib Azərbaycan ictimaiyyətinə ötürmə missiyasını aparan qəzetdir. “Yeni Azərbaycan” hazırda sayı 700 mindən çox olan Yeni Azərbaycan Partiyasının üzvləri ilə bərabər, Azərbaycan xalqının oxuduğu bir qəzetdir. Qəzet ümumi-kütləvi auditoriyaya müraciət edən çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən biridir.
Əlbəttə ki, qəzetimizin bu cür  populyarlıq qazanması və özünəməxsus ciddi  imic formalaşdırması YAP rəhbərliyinin, icra katibinin tövsiyyələri əsasında  baş tutmuşdur. Bu gün milli media  təkcə xəbər ötürücüsü deyil, eyni zamanda milli və informasiya təhlükəsizliyini təmin edən əsas vasitələrdən biridir. “Yeni Azərbaycan” digər milli mətbu nümunələrimiz kimi  üzərinə düşən bu missiyanı yerinə yetirməyə çalışır. Bu gün Azərbaycan  mediası məhz  Azərbaycan prezidentinin diqqəti və qayğısı  ilə əhatə olunub. Biz bilirik ki, milli mediamızın inkişafı üçün  Azərbaycan prezidenti xüsusi  siyasət həyata keçirir. Jurnalistlərin peşə nüfuzunun artırılması üçün tədbirlər görür, onların məişət və maddi problemlərinin həlli ilə bağlı  xüsusi siyasət həyata keçirir. Eyni zamanda, medianın inkişafı  ilə əlaqədar ixtisaslaşmış xüsusi qurum yaradılıb. Bu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan mediasının bütün nümunələri ciddi şəkildə maliyyələşdirilir. Azərbaycan prezidenti medianın böyük hamisi və qayğıkeşidir. “Yeni Azərbaycan” qəzeti də 24 yaşında digər media nümunələri kimi bu gün də o qayğını hiss edir”.


Hikmət Babaoğlu həmçinin, “Yeni Azərbaycan” qəzetinin gələcək planlarından da danışıb.


“Bu gün qəzet dedikdə gözümüzün önündə təkcə çap məhsulları canlanmır. Milli qəzet nümunələrimizin demək olar ki, hamısının  internet səhifələri, Facebook və Twitter hesabları var. Milli media öz missiyasını təkcə kağız üzərində deyil, eyni zamanda internet resursları üzərində də həyata keçirir. Əlbəttə ki, əgər qəzet dünyada baş verən proseslərlə ayaqlaşmaq istəyirsə,  mütləq mövcud texnologiyaların imkanlarını, hazırkı operativ oxucu tələbatını nəzərə almalıdır. “Yeni Azərbaycan” da hazırda elektron səhifəsi olan qəzetlərdən biridir. Həmçinin sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir.  Gələcək planlarımız, əlbəttə ki,  hər bir milli media nümunəsi kimi millətimizin informasiya təhlükəsizliyinin keşiyində  durmaqdan, partiyamızın, dövlətimizin, xalqımızın maraqlarını informasiya mübarizəsi rəqabəti  platformasında həyata keçirməkdən ibarətdir. Ən əsası isə,  hazırda qlobal informasiya məkanında  milli informasiya məkanızımızı təhdid  edən bu və digər informasiya məhsullarına qarşı mübarizə aparmaq və onlara  qarşı öz auditoriyasını  maarflərdirməkdir. Çünki bu gün milli təhlükəsizliyinin ən əsas komponentlərindən biri məhz  informasiya  təhlükəsizliyidir”.


Günay Rəsulqızı

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza