Bu gün Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mahir Quliyevin torpağa tapşırıldığı gündür.
Modern.az xəbər verir ki, Mahir Quliyev 1993-cü il aprel ayının 8-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Aprelin 10-da isə torpağa tapşırılıb. Mahir Quliyev torpaqlarımızın müdafiəsinə könüllü qoşulan Vətən oğullarından idi.
O, Bakı Ali Ümumqoşun Komandirləri məktəbini bitirəndən sonra təyinatla Kuybışevə – indiki Samaraya göndərilmişdi. Qarabağ müharibəsi başlayanda məzuniyyət adıyla birbaşa cəbhəyə yollanıb.
Mahir Quliyev torpaqlarımızın azadlığı uğrunda zabit kimi könüllü olaraq mücadilə aparıb. Sonuncu döyüş yeri Laçın rayonu olub. Bu, 1993-cü ilin mart ayına, Kəlbəcərin işğalı ərəfəsinə təsadüf edir. O, Laçında batalyon komandiri kimi xidmət edib.
Kəlbəcərin işğalı zamanı mülki şəxslərin girov düşməməsi üçün böyük sücaət göstərib.
Uzun bir döyüş yolu keçən Mahir Quliyev, doğulduğu Kəlbəcər uğrunda döyüşlərdə də qəhrəmanlıqla şəhid olub.
Allah Rəhmət eləsin!
Qafar Ağayev