Uzun illər Qərbi Azərbaycanın tarixi, coğrafiyası, abidələri, folkloru haqqında silsilə kitablar yazan tədqiqatçı alim Əziz Ələkbərlinin müəllifliyi ilə (Elbrus Qaraqoyunlu ilə birlikdə) yeni bir kitab işıq üzü görüb. Modern.az xəbər verir ki, "Türkmənşəli erməni soyadları" kitabının məsləhətçisi Baş nazirin müavini Əli Həsənov, redaktorları akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov olub. 512 səhifəlik kitabda 1001 erməni soyadı araşdırılıb, onların mənşəyi, leksik-qrammatik xüsusiyyətləri tədqiq edilib.
Kitaba yazdığı “Erməni soyadları ermənilərin tarixi kimliyinin güzgüsüdür” adlı ön sözündə Əziz Ələkbərli yüzillərdən bəridir alimləri düşündürən “Ermənilər (haylar) kimdir, mənşələri nədir, hansı etnik-mədəni sistemə daxildirlər, hansı coğrafi məkanda və nə vaxt tarix səhnəsinə qədəm qoyublar, Yaxın Şərqə və Qafqaza nə vaxt gəliblər, necə olub ki, bütün dünyaya səpələniblər?” kimi suallara cavab verməyə çalışıb. Ermənilərin mənşəyi barədə yeni konsepsiya irəli sürən müəllif Qıpçaq ərmənlərin və Oğuz albanların xristian bölümünün haylaşdırılması tarixinə elmi baxış sərgiləyib.
Kitabda araşdırılan soyadların ermənilər arasında həqiqətən də mövcudluğunun təsdiqi kimi, dünyanın harasında yaşamasından asılı olmayaraq, həmin soyadları daşıyan ermənilərin adları da kitaba daxil edilib.
Modern.az