Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni “Vətəni Tanı” layihəsinin təqdimat mərasimi keçirilib. Bakı şəhəri 134 saylı orta məktəbdə keçirilən tədbirdə millət vəkili Fuad Muradov, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və eləcə də digər nazirliklərin nümayəndələri, mətbuat mənsubları iştirak ediblər.
Təqdimat mərasimində Milli Şuranın baş katibi Orxan Ərəbovun giriş nitqindən sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov yeni layihənin əhəmiyyətindən geniş öz açıb. O qeyd edib ki, həyata keçirilən yeni layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik və dövlətçilik ənənələrinin tərənnüm edilməsidir. Nazir qeyri-höklumət təşkilatları ilə sıx əlaqədə olduqlarını qeyd edərək bildirib ki, insanlar bu kimi layihələrlə Azərbaycanın coğrafiyası ilə daha yaxından tanış olacaqlar. Daha sonra A.Rəhimov çıxışı zamanı maraqlı təklif irəli sürüb.
“Mən təklif edirəm ki, Bakıda, bulvarda Azərbaycan xəritəsini əks etdirən böyük bir pazl quraşdırılsın. İstərdim ki, qurulacaq pazl rekord səviyyədə olsun və bunun şəklini kosmosdan çəkə bilək”-deyə nazir əlavə edib.
Təhsil nazirinin müavini Elmar Qasımov da Milli Şuranın hazırladığı layihəni yüksək qiymətləndirib. “Bu ideya həqiqətən də çox gözəl ideyadır. Əlbəttə, vətəni sevmək üçün ilk öncə gərək onu tanıyasan. Vətəni sevmək üçün onun hər bir bölgəsini gəzib-qolaşmaq lazımdır”-deyə qeyd edən nazir müavini vurğulayıb ki, hazırlanan yeni elektron xətirə vasitəsilə Azərbaycana virtual səyahət etmək mümkün olacaq.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə qeyd edib ki, hazırda Azərbaycanda ümumilıikdə 5 min ərazi vahidi qeydə alınıb. “Hər bir insan öz vətəninin ərazi vahidini tanımalıdır. Bu baxımdan biz Milli Şura ilə birgə yeni dəqiq elektron xətirə tərtib etdik. Ümid edirəm ki, bu gənclər üçün faydalı olacaq”
Təqdimat mərasiminin sonunda çıxış edən millət vəkili Fuad Muradov yeni layihənin ərsəyə gəlməsində bir çox çətinliklərlə üzləşdiklərini bildirib. O qeyd edib ki, bu zamana kimi internet resurslarında göstərilən xəritələrdə bir çox nöqsanlar mövcud olub
Sonda “Vətəni Tanı” ümumrespublika layihəsinin saytı tədbir iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, layihə 14-18 yaşlı gənclər arasında bütün respublika üzrə 74 regional turda keçiriləcək. Hər bir rayondan 2 nəfər, Bakının 11 rayonu üzrə də 2 nəfər Bakı təmsilçisi olaraq seçiləcək. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarını sayının ölkə üzrə 12 min nəfərdən çox olacağı gözlənilir.
Anar Rüstəmov