Ermənistanda keçirilən parlament seçkiləri hakim Respublika Partiyasının gözlənilən qələbəsi ilə yekunlaşdı. Seçicilərin 49%-nin səsini alan partiya 2018-ci ildə parlament respublikasına keçid yekunlaşdırqdan sonra ölkə siyasətini müəyyən edəcək.
Maraqlıdır ki, ATƏT-in, müxalifətin səsvermə prosesi zamanı ciddi qanunu pozuntularının olması – saxta bülletenlərdən istifadə, “karusel” əməliyyatları, səslərin pul qarşılığında alınması, seçici siyahılarında məhrum insanların olması, kameraların işləməməsi, seçki qutularının komissiya rəhbərlərinin otağına aparılması kimi iddialarına rəğmən nəticələr beynəlxalq birlik tərəfindən, o cümlədən Avropa Birliyi tərəfindən tanındı.
Nəticələr hakim partiyanın ürəyincə olsa da, prezident Sarkisyanın komandasını narahat edən yeganə məqam “Yelk” ("Çıxış") blokunun 7,7% səslə parlamentə keçməsi oldu. İkinci yerdə gedən “Tsarukyan” blokundan fərqli olaraq, "Yelk" müxalifətçilik imitasiyası ilə məşğul deyil və hakimiyyətə qarşı kəskin çıxışları ilə seçilir. Bu mənada yeni çağırış Ermənistan parlamentində Respublika və “Yelk” fraksiyalarının üzvləri arasında sərt duellərin olacağı istisna deyil. Amma istənilən halda, 7%-lik baryeri çətinliklə aşan “Yelk” parlamentdə qəbul olunan qərarlara faktiki təsir edə bilməyəcək.
Respublika Partiyası isə ənənəvi müttəfiqləri olan “Daşnaksütyun” partiyası ilə koalisiyaya girməkdə maraqlıdır.
Böyük ümidlərin olmasına rəğmən, parlamentə düşməyən “Ohanyan-Oskanyan-Ovanissyan” bloku (2,7%) və Ermənistan Milli Konqresi (1,6%) isə seçkilərin qeyri-legitim olması və kütləvi saxtalaşdırma ilə keçirildiyini bildirsə də, praktik addımlar atmaqdan çəkinib. Yalnız Erməni Milli Konqresinin Konstitusiya məhkəməsinə müraciət edərək nəticələrin ləğv olunmasına çağırış etməsini istisna hal kimi göstərmək olar.
Ümumilikdə, Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 101 yerlik parlamentdə Respublika Partiyası 58, “Tsarukyan” bloku 31, “Yelk” 9 və “Daşnaksütyun” 7 mandatla təmsil olunacaq. Yeni parlament aprelin 27-də açılacaq. Amma Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresi Konstitusiya məhkəməsinə şikayət etdiyinə görə bu tarixin may ayına qədər ləngiməsi ehtimalı yüksəkdir.
Vüqar İSMAYILOV