“Aksiyalarda iştirak etdiyinə görə üç tələbənin universitetlərdən qovulması məni narahat edir”. Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu günki iclasında çıxış edən millət vəkili İqbal Ağazadə deyib. Deputatın sözlərinə görə, Azərbaycan təhsilinin Boloniya sisteminə keçdiyi bir vaxtda, universitetlərdən kəsirlərə görə tələbələrin qovulması düzgün deyil.
“Azərbaycan Boloniya prosesinə keçir, amma aksiyalarda iştirak etdiyinə görə üç tələbə ayrı-ayrı universitetlərdən xaric olunur. Adını da qoyurlar ki, guya kəsirləri var və hər hansı prosesə uyğun gəlmədiyindən xaric ediliblər, bu doğru addım deyil”.
Millət vəkili eyni zamanda qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməllərindən də narahatlıq hissi keçirir. Onun sözlərinə görə, müxalifətin aksiyalarına yer ayrılmalıdır.
“Bakı Şəhər İcra Hakimiyyəti Bakıda yerləşən hər 11 rayonda mitinqçilər və aksiya üçün yer ayırmalıdır. Təəssüf ki, dözdən, könüldən uzaq bir yerdə-Bibiheybət məscidi ətrafında yer ayrılıb”.
İ.Ağazadə daha sonra beynəlxalq korpusun nümayəndələri ilə bağlı fikir söyləyib. O, bildirib ki, Milli Məclis vasitəsilə onların tənqid edilməsindən narahatdır. İndiki iqtidarın beynəlxalq korpusun nümayəndələri ilə hələ də görüş keçirmədiyini söyləyən millət vəkili vurğulayıb ki, narahatlığın səbəbini başa düşə bilmir.
“Demokratiya məsləsində bir ölkənin daxili işidir. Bunu hər birimiz bilirik. İndiyə qədər hakim partiya o qədər görüşlər keçirib. Bu görüşlərlə bağlı Azərbaycan prezidenti və Amerikanın Azərbaycandakı səfiri münasibət bildirib. Ona görə ayrı-ayrı insanların bu məsələyə münasibəti çox cılız görünür və hesab edirəm ki, bu doğru deyil”.
Modern.az