AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxıb. Belə ki yığmamız son rəqibi Macarıstan millisini 6:1 hesabı ilə məğlub edərək 2018-ci ildə Sloveniyada keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanıb. Qurupu məğlubiyyətsiz başa vuran komandamızın oyunçusu Rizvan Fərzəliyev oyunla bağlı təəssüratlarını Modern.az saytı ilə bölüşüb: "Oyun gərgin keçdi. Həmişə ilk oyunla sonuncu qarşılaşmalar çətin keçir. Bildiyiniz kimi bu görüş son oyunumuz idi. Bundan əvvəlki iki oyunda qələbə qazanaraq play off mərhələsini qazanmışdıq. Ancaq biz bununla kifayətlənmək istəmirdik. 2018-ci ildə Sloveniyada keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmaq lazım idi. Birinci qol vurmağa çalışırdıq. Ancaq adi səhvimizə görə ilk olaraq öz qapımızda qol gördük. Buna baxmayaraq ruhdan düşmədik. İlk hissə 2:1 hesablı üstünlüyümüzlə başa çatdı. İkinci hissədə də tam qüvvəylə mübarizə apararaq heç bir top buraxmadan qalib gəldik. Beləlilklə, böyük hesablı qələbə ilə biz bu tarixi yazdıq. Bu münasibətlə hər birimizi təbrik edirəm"
Aida İSAQ