15 mart 2017-ci il tarixində Ali Məhkəmədə lisenziyası ləğv edilmiş “United Credit Bank” ASC-nin şikayət ərizəsinə yekun baxış keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Modern.az-a verilən məlumata görə, Bankın müflis elan olunması, iflas prosedurlarına başlanmasına dair əvvəlki instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb.
Qurum bəyan edib ki, bununla da “United Credit Bank”dakı qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün maneə aradan qaldırılıb: “Artıq MBNP Azərbaycan Əmanətlərin Sığortanması Fondunun (ADIF) Banka ləğvedici təyin edilməsinə dair prosedurlara başlayıb. Məhkəmə prosesi davam etdiyi dövrdə bankda hər hansı uçot qeydləri və əməliyyatlar aparılmadığına görə palata tərəfindən son maliyyə hesabatlarının inventarizasiyası həyata keçirilir. Habelə ADIF-lə birlikdə kreditorların reyestrinin dəqiqləşdirilməsi aparılır. Bu prosesin aprelin 14-nə qədər qədər bitməsi planlaşdırılır. Əmanətçilərin reyestr məlumatları dəqiqləşdirildikdən sonra onlara qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq".
Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə “Yunayted Kredit Bank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Bununla bağlı Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) 2 fevral 2016-cı il tarixində “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq məktub göndərib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli qərarı ilə bank müflis elan edilib. Qərardan “Yunayted Kredit Bank” ASC tərəfindən apellyasiya şikayəti verildiyindən bankın ləğv edilməsi və ƏSF tərəfindən qorunan əmanətlər üzrə kompensasiya ödənişlərinə başlanması mümkün olmamışdı.
Modern.az