“ABŞ Azərbaycanın güclü, stabil, müstəqil, çiçəklənən və demokratik ölkə olmasında maraqlıdır. ABŞ 25 ildə Azərbaycana 1,3 milyard dollar yardım göstərib. Bu yardım Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən şəxslərə, eləcə də yeni biznes qurmaq istəyən sahibkar və fermerlərə verilib”. Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan-ABŞ arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilən tədbirdə bildirib.
Səfirin sözlərinə görə, bu müddət ərzində 6 min azərbaycanlı müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil alıb: “Bununla yanaşı ABŞ-ın müəllimləri Azərbaycanda müxtəlif təhsil müəssisələrində dəstək göstəriblər. Sülh korpusunun 600 könüllüsü Azərbaycanda ingilis dilinin tədrisində iştirak edib.Rəsmi Vaşinqton enerji resurslarının diversifikasiyasında həmişə Bakıya dəstək göstərib. Biz enerji layihələri üzrə də Azərbaycanla daimi məsləhətləşmələr aparırıq. Hesab edirik ki, bu layihələr Avropa və qlobal enerji təhlükəsizliyi üçün vacibdir".
Aqşin Kərimov