Modern.az

Azərbaycanda tamah məqsədli oğurluqlar artıb

Azərbaycanda tamah məqsədli oğurluqlar artıb

13 Aprel 2017, 17:40

2016-cı ildə Azərbaycanda 26611 cinayət faktı qeydə alınıb ki, bunun da 13560-ı iqtisadi sahədə baş verən cinayətlərdir. Cinayətlərdən 7193-ü oğurluq, 325-i soyğunçuluq, 165-i quldurluq, 4373-ü dələduzluq, 148-i mənimsəmə və ya israf etmə, 442-i digər cinayətlər, 914-ü iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdir.


2015-ci ildə isə Azərbaycanda 6338 oğurluq, 3660 dələduzluq faktı qeydə alınıb. Rəqəmlərdən də göründüyü kimi, ölkədə oğurluq faktları artıb. Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı kriminal xronikada oğurluq hallarının artdığı müşahidə edilir. Tamah məqsədilə həyata keçirilən cinayətlərdə çörəkdən tutmuş, mal-qara, mobil telefon, avtomobil, avtomobil hissələri, pul, məişət, geyim əşyaları, elektrik naqilləri və s. kimi oğurluq növlərinə rast gəlinir.

Kriminalist Mahmud Hacıyev Modern.az-a açıqlamasında ölkədə oğurluq hallarının artmasını təstiqləyib. O deyib ki, iqtisadi çətinliklər artdıqca, tamah motivi ilə baş verən cinayətlərin artması bir çox ölkələrdə müşahidə edilən haldır:

“Tamah məqsədilə baş vermiş cinayətlərdə bir qayda olaraq demək olmaz ki, hamı “vorzakon”dur, “maloletka”da yatıb- çıxıb deyə, oğurluq onun peşəsidir. Son vaxtlar oğurluq edənlərin böyük əksəriyyətinin əvvəllər məhkumluğu olmayıb. Çoxu da cavan uşaqlardır. Bu əlamətləri təhlil etdikdən sonra müəyyən etmək olur ki, peşəkar oğrular ümumi tərkibin 5-10 faizini təşkil edir. Bəli, son vaxtlar oğurluq halları artıb. Hətta su sayğaclarının tərkibində qiyməti 3 manat olan ağ maddəyə görə oğurluq edənlər var. Bakının Nizami rayonunda belə faktlar qeydə alınıb”.

M.Hacıyev bildirib ki, dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru getdikcə, cinayət faktları da artır:

“Bu, Avropa ölkələri, Afrika ölkələri, həmçinin, Azərbaycan üçün də belədir. Müəyyən obyektiv və subyektiv səbəblərə görə hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunanlar bunu etiraf etməsə də, fakt göz qabağındadır. Milli valyuta 2 dəfə devalvasiyaya uğrayıb, çox sayda iş yerləri bağlanıb, əhalinin kredit borcları artıb və s. Bu əlamətlərin hamısı Azərbaycanda varsa, deməli tamah motivli cinayətlərdə də artım olacaq. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Həmçinin quldurluq, soyğunçuluq, dövlət və bələdiyyə əmlakının oğurluğu da var. Amma şəxsi əmlakın oğurluğu qismində oğurluq faktları daha çox artır”.

M.Hacıyevin sözlərinə görə, iqtisadçılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyatı qurumlar problemi kompleks şəkildə öyrənməlidirlər və müvafiq qərarlar qəbul etməlidirlər. Çünki bu tədbirlərin reallaşması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ deyil. Bu hökumət səviyyəsində həll edilməlidir”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu