Modern.az

Bəşər Əsədsiz 3 ssenari…

Bəşər Əsədsiz 3 ssenari…

13 Aprel 2017, 23:13

Artıq 6 ildir ki, Suriyada vətəndaş müharibəsi tüğyan edir. BMT-nin hesablamalarına görə, Suriya münaqişəsi 400 mindən çox insan həyatına son qoyub, milyonlarla insanı isə ölkədən qaçmağa vadar edib.

 

Problemin mahiyyəti isə əsas olaraq Suriya prezidenti Bəşər Əsədlə bağlıdır. Qərb hesab edir ki, Bəşər Əsəd hakimiyyətdən getsə, vəziyyət tədricən düzələcək.

 

Lakin, Bəşər Əsəd nəinki istefa vermək haqqında düşünür, əksinə Suriya əhalisinə qarşı kimyəvi silahlar tətbiq edir. 

 

“Qərbin Əsədə münasibəti birmənalı deyil və dəyişkəndir. Əsəd xalqına qarşı qəddarlıq etdi və idarə olunmayan diktatora çevrildi. Buna görə də, münaqişə uzanır, ölkə tamamilə xaosa sürüklənir. Rusiya hərbçiləri isə Suriya rejiminə yardım edərək Əsəd hakimiyyətini möhkəmləndirir” – Modern.az xəbər verir ki, bunu Latviyanın “Focus” nəşri Suriyadakı situasiyanı şərh edərkən yazıb.

 

Lakin Donald Trampın ABŞ prezidenti olması ilə külək başqa istiqamətə əsməyə başladı – təsadüfi deyil ki, Tramp bu yaxınlarda Suriya bazasını bombalamaq üçün birbaşa əmr verdi və bu icra olundu.

 

Bundan sonra isə ABŞ dövlət katibi Reks Tillerson Moskvaya səfər etdi, amma bunu elə də uğurlu səfər adlandırmaq olmaz.

Çünki,  səfər çərçivəsində ABŞ-la Rusiya arasında hər hansı əhəmiyyətli sayıla biləcək bir razılaşma əldə olunmadı.

 

Lakin Trampın Suriya siyasətində dönüş yaratmasından sonra dünya ictimaiyyəti bu sual üzərində düşünməyə başlayıb: Bəşər Əsəd hakimiyyətdən getsə, Suriyanı nələr gözləyir?

“Focus” nəşri yazıb ki, Suriyada Əsədin iştirakını nəzərdə tutulmadan münaqişənin həllinin 3 ssenarisi var.

 

Birinci ssenari budur ki, keçid hökuməti yaradılmalıdır və yeni konstitusiya qəbul olunmalıdır. Bu qərar bir çox Qərb siyasətçiləri və Suriya müxalifətinin bir hissəsinin ürəyincədir.

Lakin düşünmək olmaz ki, bu “ideal ssenari” təcrübədə həyata keçsin. Çünki Rusiya və İran Əsədin dəstəkçiləridir və onlar hər vəchlə Suriya rejimini müdafiə edirlər. Üstəgəl, Suriyanın özündə də müxalifət pərakəndədir, hərəsinin öz ambisiyaları var. Bundan başqa bu ssenari “İslam dövləti” (İŞİD) kimi terror təşkilatlarından gələn risk amillərini nəzərə almır.

 

İkinci ssenariyə görə, Qərb koalisiyası genişmiqyaslı hərbi əməliyyatlar zamanı Suriyaya girə və Əsədi devirə bilər. Lakin ehtimal edilir ki, bundan sonra da Suriya taleyin ümidinə buraxıla bilər və vəziyyətə nəzarət etmək elə də asan olmaz. Üstəgəl, yenə də ortada Rusiya və İran faktorları var.

Bundan başqa beynəlxalq güclər üçün acı bir İraq nümunəsi də var.

 

Üçüncü ssenari isə əlverişsiz görünə bilər, amma realdır. Belə ki, Əsəd rejimi devrilə bilər, lakin onun yerinə adekvat qüvvələr hakimiyyətə gəlməyəcək.

Ona  görə də, Qərb hazırda dilemma qarşısındadır. Çünki elə mürəkkəb vəziyyət yaranıb ki, Bəşər Əsədin öldürülməsi belə çıxış yolu deyil.

 

Aqşin KƏRİMOV 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB