Mayın 12-22-də Bakı daha bir nüfuzlu yarışa - IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. İslam dünyasının ən böyük idman tədbiri yaxınlaşdıqca diqqətlər Azərbaycana daha çox yönəlir. Müxtəlif ölkələrdə tamaşaçılar ekran qarşısında əyləşib Azərbaycandan birbaşa yayımlanan İslam dünyasının ən mötəbər idman yarışını izləyərək bu turnirə necə hazırlaşdığımızın canlı şahidi olacaqlar.
Artıq planetin bir sıra aparıcı televiziya şirkətləri ilə paytaxtımızda təşkil olunacaq İslamiadanı yayımlamaq üçün razılıq əldə olunub və onlar ölkəmizin bu yarışı yüksək səviyyədə təşkil etməsini dünyaya çatdıracaqlar.
Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı qazanacaqlar.
Digər bir şirkət - “TV Media Sport” (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində yayım üçün razılıq imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) qarşısında oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb. Bundan əlavə, “Bakı-2017” Türkiyənin aparıcı televiziya kanalı TRT ilə də müqavilə imzalayıb.
Göründüyü kimi, Azərbaycan və yarış haqqında materiallar hazırlayacaq xarici televiziya şirkətləri öz rəy və arzularında bu ölkəyə üz tutmaq istəyində olduqlarını səmimiyyətlə dilə gətirirlər. Çünki əsrlər boyu multikulturalizmə öz töhfəsini verən, tolerantlığın, dözümlülüyün zirvəsində dayanan Azərbaycan bütün dünya üçün nümunədir.
İnanırıq ki, I Avropa Oyunlarından sonra 4-cü İslamiada da beynəlxalq ictimaiyyətin yaddaşında uzun müddət qalacaq. “Bakı-2017”ni yüksək səviyyədə keçirməklə ölkəmiz İslam dünyasının idman tarixinə yeni salnamə yazacaq və növbəti dəfə belə möhtəşəm tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirəcək.
Elçin CƏFƏROV, “Azərbaycan”