Modern.az

"Milli Məclisdə büdcəyə nəzarət komitəsi yaradılsın" - TƏKLİF

"Milli Məclisdə büdcəyə nəzarət komitəsi yaradılsın" - TƏKLİF

14 Aprel 2017, 13:01

“Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Lakin aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsini istəyirik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı deyib.

Ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyən deputat söyləyib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır.

 

“Hesablama Palatasının hesabatına baxdıqda görərik ki, orada maliyyə nöqsanlarının qarşısının alınması ilə bağlı cəzalar o qədər də sərt deyil.

Hesabatda bu cür nöqsanlara görə, işçilərin daha çox işdən azad olunması, töhmət verilməsi və ya onların maaşlarından çıxması tədbirlərini görürük. Lakin biz bilmirik ki, işdən çıxarılanlar hansı səbəblə işdən azad ediliblər. Əgər nöqsanı yaradanlar həqiqətən onlardısa, o zaman həmin insanlar bir yerdən çıxıb digər iş yerinə düzələ bilirlər.

Bu baxımdan yalnız töhmət, işdən azad olunma və ya maaşdan çıxılma kimi cəza tətbiq etməklə bu halların qarşısını almaq mümkün deyil. Bu cəzalar daha sərt olmalı, onlara qarşı cinayət işi açılmalıdır. Düzdür, bütün nöqsanlara görə Hesablama Palatasını günahlandırmaq olmaz”.

 

Q. Həsənquliyev həmçinin parlamentdə Büdcə və büdcəyə nəzarət komitəsinin yaradılmasını təklif edib.

 

“Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyası da iştirak edirlər. Lakin dünya təcrübəsinə baxsaq, görərik ki,  digər ölkələrin parlamentində yaradılan quruma müxalifəti təmsil edən deputatlar nəzarət edir. Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu