Modern.az

Ölkədə qadınların siqaretə marağı artıb

Ölkədə qadınların siqaretə marağı artıb

14 Aprel 2017, 14:36

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

 

Modern.az-ın  xəbərinə görə, deputat deyib ki, müzakirəyə təqdim olunan qanun layihəsi, cəmiyyəti çox ciddi düşündürən bir sosial problemə və bu sahədə hüquqi bazanın möhkəmləndilrilməsinə xidmət edir.

 

“Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə bəşəriyyətin hər 4 kişisindən və hər 20 qadınından biri mütəmadi olaraq siqaret çəkir və tütün aludəçisidir. Hər il dünyada 5,4 milyon insan tütün istehlakından və onun törətdiyi xəstəliklərdən həyatını qeyb edir. Hesablamalar bu rəqəmin 2030-cu ildə 10 milyon nəfərə çatacağını ehtimal edir. BMT-nin “Tütünə qarşı mübarizə haqqında” çərçivə konvensiyasına dünyanın 168 ölkəsilə yanaşı Azərbaycan da qoşulub və sənəd 1 noyabr 2005-ci ildə bizim parlamentdə ratifikasiya olunub”.

 

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycanda da siqaretə aludəçiliyin dinamikası ilə bağlı rəqəmlər heç də ürək açan deyil.

 

“Belə ki, ölkə əhalisinin 20-44 yaşadək kişilərinin 30%, bu qrupun 45-64 yaşlıların isə 51% siqaret çəkir, bu insanlar orta hesabla hər gün 16 ədəd siqaret istifadə edirlər. Dözülməz hal odur ki, son illər republikamızda qadınların siqaretə marağı xeyli artıb, bu göstərici artıq 1 % keçib.

Aparılan sorğular nəticəsində kişilərin 67,5%, qadınların isə 52,3% ətrafdaki tütün tüstüsündən əziyyət çəkirlər. Onu da qeyd edək ki,bu narahatçiliq xüsusən cavanlar arasında və nə edəsən ki, əsasən ictimai yerlərdə baş verir.

Təkcə onu demək kifayətdir ki, ölkə və şəxsi büdcələrə bu hesaba birbaşa və dolayısı yollarla milyonlarla manat ziyan dəyir. Dözülməz hal odur ki, bu aludəçilik sonradan narkotik maddələrin qəbul edilməsinə də həvəsi artırır və bunun üçün zəmin rolunu oynayır.

 

On illərin təcrübəsi göstərir ki, siqaret tüstüsündən passiv yolla əziyyət çəkənlər birbaşa aludəçilərdən dəfələrlə çox olmaqla yanaşı cəmiyyətin haqlı narahatçılığına, bu insanların hüquqlarının pozulmasına gətirib çıxarır. Sevindirici haldır ki, son günlər ölkə KİV-lərində bu mövzu ciddi müzakirəyə və qınaq obyektinə çevrilib.

Layihə üzərində artıq on ildən çox müddətdir ki, parlamentin sosial siyasət komitəsində iş gedir, bununla bağlı dünya təcrübəsi öyrənilir, deputatlarımız bir neçə ölkədə təcrübə mübadiləsində olub.

 

Rusiyanın, Türkiyənin və digər dövlətlərin qanun yaradıcılığı praktikasından faydalanıb. Bütün bu illər ərzində Milli Məclisdə deputat həmkarlarım siqaret çəkilməsinin məhdudlaşdırılması məsələsinə vaxtaşırı toxunub. Ciddi, imperativ normalardan ibarət qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar.

Onu da qeyd edim ki, Milli Məclisin iki komitəsi, 9 nazirlik və mərkəzi icra orqanları da layihəyə öz təklif, irad və rəylərini bildirib.

 

Bir daha yada salmaq istərdim ki, Turkiyə və Rusiyanın bununla bağlı əvvəllər hazırlanmış qanunvericilik aktları gözlənilən faydanı verməmiş son 4 ildə yenidən işlənib, daha mütərəqqi və işlək normalarla zənginləşdirilib. Bunları nəzərə alaraq sizə təqdim olunan layihədə bu iki ölkənin işlək qanunları və Azərbaycan reallıqları baxımından, düşünürəm ki, bizim mentalitetə və həyat tərzimizə uyğun qanun layihəsinin hazırlanmasına nail olmuşuq. Layihənin son variantı insan hüquqları komitəsi ilə birgə müzakirə olunub, bu sənəddə aqrar siyasət komitəsinin 8 iyun 2001-ci il ildə “tütün və tütün məmulatı haqqında” qəbul olunmuş qanun layıhəsinin bəzi normaları da nəzərə alınıb.

Onu da vurğulamağı özümə borc bilirəm ki, layihənin müzakirəsi zamanı əks arqument kimi ölkəmizdə aqrar bölmənin inkişafi ilə bağlı tütün əkin sahələrinin genişləndirilməsi və tütün istehsalının artırılması vəzifələri də tez-tez vurğulanır, hətta bizə irad tutanlarda tapılırdı. Araşdırma və təhlillər göstərdi ki, Azərbaycan bazarlarında satılan tütün məmulartlarının təxminən 60% başqa ölkələrdən idxal olunur. Bir daha qeyd edim ki, dünya bazarlarında Azərbaycanın qurudulmuş tütün yarpaqlarına hazırda böyük ehtiyac vardır və bizim qəbul edəcəyimiz qanunun tütün istehsalının artırılmasına heç bir maneəsi olmayacaq.

Digər fikir ayrılıqları isə qanunun daha da sərtləşdirilməsi, təsir dairəsinin genişləndirilməsi təklifləri idi.

Düşünürük ki, birinci oxunuşdan sonra burada səslənəcək fikirlər ümumiləşdirilərək yeni layihə ictimaiyyətin geniş müzakirəsinə veriləcək, ikinci oxunuş üçün insan hüquqları komitəsiylə birgə hüquq, səhiyyə, gənclər idman, ehtiyac olarsa digər komitələrin deputatlarının iştirakı ilə müzakirə aparılacaq və bəzi müddəalar və təkliflərə uyğun kompromis variantlar tapılaca”.

Komitə sədri bildirib ki, konseptual olaraq hazırlanmış qanun layihəsi 3 fəsil və 17 maddədən ibarətdir.

 

“Layihənin preambulası onun mahiyyətini birbaşa açıqlayır.

I fəsil ümumi müddəaları nəzərdə tutur. Bu fəsildə əsas anlayışlar və qanunvericiliklə bağlı maddələr təsbit edilib.

 

Eyni zamanda fəsildə dövlət siyasəti özündə ehtiva edilir və əsas istiqamətlər müəyyənləşdirilir. Burada, dövlətin bu sahədəki məqsəd, prinsip və səlahiyyətləri hər biri ayrı-ayrı maddələrdə öz əksini tapıb. Vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin zərərli nəticələrindən qorunması sahəsində vətəndaşların hüquq və vəzifələri də 1-ci fəslin predmetinə aiddir.

II fəsil tütün istifadəsinin azaldılmasına və ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və zərərli vərdişlərin aradan qaldırılmasına yönəlmiş mübarizə tədbirləri adlanır. Bu fəsildə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində mübarizə tədbirlərinin həyata keçirilməsi üçün hüquqi mexanizmlər nəzərdə tutulub.

Diqqət çəkən bölümlərdən biri 8-ci maddədir ki, burada tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçılərin həvəsləndirilməsinın qadağan olunduğu üsullar təsbit edilir.

Bu fəslin 9 və 10-cu maddələrində Tütün tüstüsünün təsirinin qarşısının alınmasına və Tütün istifadəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili, Tütün çəkilməsinə icazə verilməyən yerlər dəqiqləşdirilib. Bu sahədə təşkilati və qadağanedici prosedurları müəyyənləşib. Eyni zamanda 10-cu maddə ilə bağlı “Tütün və tütün məmulatları haqqında” Qanunda mövcud olan normalar daha da təkmilləşdirilib.

Qanun layihəsində bir sıra maddələr vardır ki, onların daha anlaşıqlı qarşılanması vacibdir. Bunlardan biri 11-ci maddədir (Tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün zərərli təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması).

 

Layihənin 12-ci maddəsi də xüsusi diqqət tələb edir. Belə ki, bu maddədə kütləvi informasiya vasitələrində tütün istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanı haqqında biliklərin təbliği ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsulları satışının və tütün istifadəsinin qadağan edilməsi, tütün istifadəsi prosesinə uşaqların cəlb olunmasının qadağan edilməsi adlanan 13-cü maddə və Tütün satışının, tütün sponsorluğunun reklamının və stimullaşdırılmasının qadağan edilməsi adlı 14-cü maddə bu layihədə ən həssas problemlərin tənzimlənməsini özündə ehtiva edir.

15-ci maddə Vətəndaşlara tütün istifadəsinin dayandırılmasına, tütündən asılılığın və tütün istifadəsinin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardımın dövlət səhiyyə sisteminin, habelə bələdiyyə və özəl səhiyyə sisteminin tibb təşkilatları tərəfindən göstərilməsinin mexanizmlərini tənzimləyir.

Hesab edirik ki, II fəsil tütünçəkmə ilə mübarizə sahəsində cəmiyyətdə qarşılıqlı münasibətləri tənzimləyəcək və mövcud boşluqları aradan qaldıracaq

Yekun müddəaları adlanan 3-cü fəsildə bu qanunun tələblərini pozan hüquqi və fiziki şəxslər üçün (İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş) məsuliyyət normaları nəzərdə tutulub.

 

Beləliklə, müzakirənizə verilən qanun layihəsində bir neçə məqama daha çox üstünlük verilib. Birinci, tütün istehlakınin reklamının ciddi surətdə məhdudlaşdırılması, ikinci, tütün və tütün məmulatlarının zərərinin və ziyanlarıının cəmiyyətə daha anlaşıqlı və dəqiq çatdırılması, üçüncü məqam cəmiyyətin bütün qurumlarında bu sahədə maarifləndirilmənin gücləndirilməsi, dördüncü qadağa yerlərinin sistemləşdirilməsi”.

 

Mirmahmud Kazımoğlu 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu