Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə aprelin 16-da “Park İnn” otelində “Bakının Birincisi” adlı II İntellektual Gənclər Festivalı çərçivəsində “Nə? Harada? Nə zaman?” İntellektual yarışması keçirib.
Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə ilk olaraq çıxış edən layihənin rəhbəri, ARGTMŞ üzvü Ayan Bəşirzadə bildirib ki, turnir Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında keçirilir. 30 komandada birləşən 180 nəfərin iştirakı ilə keçiriləcək yarışda tələbələr, bilicilər klublarının nümayəndələri iştirak edəcəklər.
Sözügedən layihə “Firstline” assistance “ və “Park İnn”in sponsorluğu ilə reallaşdırılır. Sual paketi Beynəlxalq Bilicilər Hərəkatının ən yaxşı redaktoru seçilmiş Konstantin Naumenko tərəfindən hazırlanıb.
Açılış mərasimində çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamı bir daha dövlətin gənclər siyasətinə olan diqqət və qayğısını ifadə edir. F.Muradov deyib ki, bu tədbirin keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsinin artırılması, bilik və bacarıqlarının daha geniş şəkildə ortaya qoyulmasıdır.
Millət vəkili Sevinc Hüseynova bildirib ki, bu yarışların keçirilməsi ölkəmizdə gənclərin inkişafına xidmət edir.
Daha sonra yarışmaya start verilib. Turniri Minsk şəhərindən dəvət olunmuş məhşur teleaparıcı, “Xrustal bayquş” mükafatının sahibi, “2001-2005-ci illərdə klubun ən yaxşı kapitanı” fəxri adına layiq görülmüş Ales Muxin aparıb. Turnirin münsiflər heyəti Bakı elitar klubunun üzvləri olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) son 2 il ərzində “Nə? Harada? Nə zaman?” oyunu üzrə artıq 3-cü layihəsini həyata keçirir.
Mail Ağaxanov