Modern.az

"Yunayted Kredit Bank"ın qorunan əmanətləri üzrə kompensasiya ödənişi başlanır

"Yunayted Kredit Bank"ın qorunan əmanətləri üzrə kompensasiya ödənişi başlanır

17 Aprel 2017, 09:30

Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 02 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktubla 02.02.2016-cı il tarixdə “Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilməsi və 2 fevral 2016-cı il tarixdə “Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verməsi Əmanətlərin Sığortalanması Fonduna bildirilmiş və Fond sığorta hadisəsi barədə KİV-də elan yerləşdirilib.

Modern.az Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir ki, bankın müflis elan edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 09.02.2016-cı il tarixli qərarı bankın səhmdarları tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirildiyi üçün bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestri Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməmiş və bununla əlaqədar olaraq əmanətçilərə kompensasiyaların ödənilməsinin həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.4-cü maddəsinə əsasən iştirakçı bank Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada bankda, habelə onun filial və şöbələrində hər bir əmanətçi qarşısında öhdəliklərinin ümumiləşdirilmiş uçotunu aparır və sığorta hadisəsi baş verdikdə, hər bir əmanətçi barədə məlumatları 3 iş günündən gec olmayaraq təsdiq edib Fonda təqdim edir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarı ilə bankın müflis elan olunması barədə aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılmış və bununla da məhkəmə mübahisələri yekunlaşdırılmaqla əmanətçilərə kompensasiyaların ödənilməsi üçün mövcud olan maneələr aradan qalxıb.

Fond “Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə bildirir ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün bütün hazırlıq işləri Fond tərəfindən artıq başa çatdırılmışdır və bankda sığorta hadisəsinin baş verdiyi gün 02 fevral 2016-cı il tarixi hesab olunduğu üçün həmin dövrdə qüvvədə olan əmanətlərin sığortalanması şərtlərinə uyğun olaraq 19 aprel 2017-ci il tarixdə qorunan əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq.

 Kompensasiya almaq üçün  qorunan əmanətçilər 19 aprel 2017-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16  ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI