Türkiyə 16 apreldə 84 illik parlament sistemi ilə vidalaşdı və prezident respublikasına çevrildi.
Bu dəyişiklikləri rəsmiləşdirəcək seçkilər öncəsi ölkədə ciddi fikir ayrılıqları olsa da, Rəcəb Tayyip Ərdoğanın tərəfdarları bu dəyişikliyi 51,2% səslə aşa bildi. Təbii ki, referendumda “yox” deyənlərin sayının 48%-dən çox olması cəmiyyətdə prezidentə geniş səlahiyyətlərin verilməsi ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu göstərdi.
Referenduma qarşı çıxan əsas qüvvə Mustafa Kamal Atatürkün irsini və dünyəvi dövlət dəyərlərini qoruduğunu elan edən CHP (Cümhuriyyət Xalq Partiyası) oldu. Partiya sədri Kamal Kılıçdaroğlu Rəcəb Tayyip Ərdoğanı avtoritarizmdə, Atatürk irsini unutdurmaqda və s. sərt ittiham edirdi. Ümumiyyətlə, həm Türkiyə daxilində, həm də xaricində bir çox ekspertlər Ərdoğanla Atatürk arasında paralellər aparır, onları müqayisə edirlər.
Atatürk 15 il Türkiyə siyasətinin Olimpində durmuş, ölkəni Birinci Dünya Müharibəsindən sonra parlaçanmaqdan xilas etmiş xilaskar, respublikanın qurucusu, Ərdoğan isə 2002-ci ildə AKP-nın parlament seçkilərində qələbə qazanması ilə ölkədə iqtisadi dirçəlişə təkan verən, uzun illər hökumət kabinetlərinin bir-birini dəyişdiyi məqamda 15 ildir ki, stabil hökumət qura bilən güclü lider kimi tarixə düşüb.
Lakin Ərdoğanın 1982-ci il konstitusiyasını tamamilə dəyişməsi, səlahiyyətlərini artırması və xüsusən, ordunu siyasi proseslərdən tamamilə uzaqlaşdırması cəmiyyətin müəyyən təbəqələri tərəfindən ciddi müqavimətlə üzləşir. Çünki dövlətin dünyəvilik təminatçısı kimi görülən ordu Atatürkün istəyi ilə siyasi proseslərə müdaxilə edirdi, son 50 ildə isə 5 dövlət çevriliş gerçəkləşdirmişdi. Dini qadağaları zəiflətməkdə, hərbçilərin dövlət strukturunda nüfuzunu azaltmağa hesablanmış addımlar 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhdlə yekunlaşdı.
Amma baş verənlərdə Ərdoğanın daha bir unikallığı üzə çıxdı. Ötən 5 çevriliş zamanı sakit qalan xalq kütlələri Ərdoğana görə küçələrə axışaraq öz hökumətlərini qorumağa çıxdılar, tankların qarşısını kəsdilər. Bütün bu faktorları nəzərə aldıqda, əminliklə demək olar ki, Ərdoğanın həm ölkə daxilində, həm də xaricdə ciddi elektoral dəstəyi var. Bunu Avropa türklərinin səsverməsi də bir daha sübuta yetirdi. Hollandiya, Almaniya, Belçkika, Danimarka və s. ölkələrdə yaşayan türk icmasının nümayəndələrinin yarıdna çoxu referndymda “hə” ilə çıxış etdi.
15 illik iqtidarı ərzində İsrail, Rusiya, Yunanıstan, İraq, Avropa Birliyi və ABŞ-la gərginliklər yaşayan Ərdoğan bütün çətinliklərə və bəzi ziddiyyətli addımlara baxmayaraq ölkəsinin regional nüfuzunu yüksəltməyi bacarıb. Bu mənada, Ərdoğanı 100 illik tarixə malik müasir Türkiyənin Mustafa Kamal Atatürkdən sonra ən nüfuzlu siyasətçisi adlandıra bilərik.
Vüqar İSMAYILOV