Bu yaxınlarda tariximizdə bir sıra sahələrdə ilklərə imza atmış general, yazıçı-publisist, məktəb qurucusu, kartoqraf İsmayıl bəy Qutqaşınlının müəmmalarla dolu həyat və yaradıcılığı ilə bağlı arxiv sənədlərini axtarmaq məqsədi ilə Milli Arxiv İdarəsinin əməkdaşı Natiq Eminovla Gürcüstanın Dövlət arxivində olduq.
Tarix arxivinin Fota şöbəsində çağdaş mədəniyyətimizin patriarxı, filosof-yazıçı Mirzə Fətəlinin dəfni ilə bağlı maraqlı fotolara daraşt gəldik. Elə bilirəm ki, həmin fotolar M.F. Axundovun dəfni ilə bağlı uydurulan, lazımsız söz-söhbətlərə son qoyulmasına əsas ola bilər.
Vaxt tapıb Mirzə Fətəlinin Tiflisdəki ev- muzeyinə baş çəkdik (yeri gəlmişkən bildirirəm ki, arxivdən aldığımız fotoları Tiflisdəki M. F. Axundovun ev-muzeyinə də təqdim etdik), eləcə də şəhərin ən yüksək yerlərindən birində yerləşən və Mirzə Fətəli Axundovun (1812-1878), xanımı və iki qızının, XIX əsr Tiflis ədəbi mühitinin parlaq simalarından olan Mirzə Şəfi Vazehin (1794-1852), Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevin (1875-1920) və Fətəli xan Xoyskinin dəfn olunduğu panteonu da ziyarət etdik.
Abid Tahirli