Nardaranda 2015-ci ilin noyabrında baş verən məlum hadisələrdən sonra qəsəbənin mərkəzi meydanında polis bölməsi yaradıldı.
Polis bölməsinin istifadəyə verildikdən sonra qanun pozuntularının sayı necə artıb ya azalıb?
Məsələ ilə bağlı Sabunçunun deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, Nardaranda qanun pozuntularının sayı nəinki azalıb, demək olar ki, heç yoxdur.
“Məlum hadisələrdən sonra Nardaranda qanun pozuntularına, cinayətkarlığa rast gəlinmir.
Amma xırda qanun pozuntuları ola bilər. Daha keçmişdəki kimi qanun pozuntuları edən şəxslər, cinayətkar dəstələr yoxdur. Nardaranda narkomaniyanın qarşısı tam alınıb. Hamı nəzarətdədir. Bir sözlə, Nardaranda həyat öz axarında davam edir”.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.
Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
2017-ci ilin yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən səxlərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs T.Bağırov 20 il azadlıqdan məhrum edilib.
Bundan başqa, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum olunub.
F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunub.
Mirmahmud KAZIMOĞLU