Modern.az

“Bizim tələbəlik dövründə indiki imkanlar yox idi” - MÜSAHİBƏ

“Bizim tələbəlik dövründə indiki imkanlar yox idi” - MÜSAHİBƏ

19 Aprel 2017, 14:54

“Heyf deyildi, keçmiş zamanlar...”

Yəqin, bu cümləni çoxlarınız böyüklərdən eşitmisiniz. Onların vaxtında hər şey daha fərqli imiş. Təkcə yaşlılar deyil, eləcə də orta nəsil də həmişə uzaq olmayan keçmişlə indiki dövrü müqayisə edir. Etiraf etmək lazımdır ki, keçmiş zamanlar həqiqətən fərqli idi.

Elə götürək o vaxtın tələbəlik illərini. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da o vaxtın tələbəsi olub. O, 1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib.

Modern.az saytı  jurnalistlə “tələbəlik illəri” mövzusunda həmsöhbət olub.

-Akif bəy, əvvəlcə, tələbə olmazdan qabaqkı mərhələyə nəzər salaq. Məsələn, müasir zamanda şagirdlər tələbəlikdən öncə abituriyentlik mərhələsi yaşayır, repetitor yanına gedir, müxtəlif sınaq imtahanlarına girirlər. Bəs sizin vaxtınızda “tələbə” adı qazanmaq üçün hansı yollardan keçmək lazım idi?

-Mən orta məktəbi kənddə bitirmişəm. Bizim vaxtımızda repetitor anlayışı yox idi. Dərs prosesində və ya dərsdən sonra öz müəllimlərimizə yaxınlaşır və bilmədiyimiz mövzuları soruşurduq. Bütün fənləri eyni dərəcədə mənimsəməyə çalışırdıq və əlavə müəllim yanına getməyə ehtiyac qalmırdı. Həmin vaxt yalnız bir dərslik var idi, başqa metodik vəsaitlər yox idi. İmtahanlar isə yazılı və şifahi formada olurdu. Ancaq indi test üsulu çıxdığı üçün tələbələrdə ixtisaslaşma gedib. Test üsulunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Məsələn, birinci qrup üzrə hazırlaşan uşaqlar ictimai şüuru formalaşdıran tarix, ədəbiyyat kimi dərsliklərdən uzaq qalırlar. Vətəndaş kimi tam formalaşa bilmir və fikirlərini ifadə etməyə də çətinlik çəkirlər. Test üsulu tələbələri robotlaşdırır.

 

-O vaxtkı müəllim-tələbə münasibətlərini necə qiymətləndirirsiniz?

-Bizim vaxtımızda müəllim-tələbə münasibətləri tamamilə fərqli idi. Müəyyən subordinasiyalar var idi və bu gün də mütləq olmalıdır. Hazırkı müəllimlər auditoriyada ailə həyatı, şəxsi həyat kimi özəl məsələləri müzakirə edir. Mən sovet sistemini dəstəkləməsəm də, həmin dönəmdəki kimi müəllim-tələbə münasibətlərində müəyyən sərhəddin olmasının tərəfdarıyam. Eyni zamanda bizim zamanımızdakı müəllimlərin əsas fərqi pedaqoq olmaqlarında idi. Onlar uşaqlarla davranış qaydalarını çox gözəl bilirdilər. İndiki müəllimlər tələbələrin qarşısına fərqli prizmada çıxır. Mən Bakı Dövlət Universitetini bitirmişəm və mənə Azərbaycanın ən yaxşı professorları dərs deyib. Müəllimlərim “Azərbaycan tarixi” dərsliyinin müəllifi olub. İndi ali məktəblərin sayı çox olsa da, müəllim kadrları yetərincə deyil. Əksəriyyəti elmi araşdırma aparmayan, öz sahəsi üzrə nailiyyət göstəricisi olmayan müəllimlərdir. Həmin ali məktəb müəllimləri hətta orta məktəb səviyyəsindən bir qədər yuxarı ola bilərlər. Təəssüf ki, buna görə hazırda Azərbaycan təhsilində böhran yaranır.

-Müasir tələbələrin əksəriyyəti vaxtının çoxunu internet, sosial şəbəkə qarşısında keçirir. Bəs siz tələbəlik illərinizdə asudə vaxtınızı necə dəyərləndirirdiniz?

-O vaxt bizim qeydlərimizi köçürdüyümüz mühazirə dəftərlərimiz olurdu. Təbii ki, boş vaxtlarımızda Axundov adına Milli Kitabxanaya gedirdik. Bu gün də Axundov Kitabxanasına gedəndə oxucuların əksəriyyətinin tələbə olduğunu görmək sevindirici haldır. Gənclərdə oxumağa və kitabxanalara meyl var. Bizim zamanımızda istedadın ölkədən kənara çıxmaq ehtimalı yox idi. Müasir dövrdə isə belə imkan olsa da, istedadlılar yoxdur. Tələbələr internet qarşısında vaxt keçirsə də, ondan düzgün istifadə etməyi bacarmalıdır. Məsələn, elə xaricdə təhsil və ya elmi araşdırmalarla bağlı proqramlarla maraqlanmalı və müraciət etməlidirlər. Lakin indiki tələbələr yalnız semestr imtahanlarından çıxma yollarını düşünürlər. Bizim dönəmimizdə tələbələrin belə imkanları olsaydı, Avropa universitetlərində, elmi-tədqiqat mərkəzlərində çox gözəl təhsil alma şansları var idi. O vaxtı istək olsa da, texniki imkanlar zəif idi. Qardaş Türkiyədə təhsil tənəzzül yolunda addımlayır, amma tələbənin yeganə fikri oxumaqdır. Hətta kitabxanalar 24 saat fəaliyyət göstərir.

-Hazırda ali məktəblərdə yaxşı oxuyan tələbələr seçilir və təqaüdlə təmin edilirlər. Bəs bu sizin dövrünüzdə necə idi?

-Mən təhsil aldığım vaxtlarda da tələbələr təqaüd ala bilirdi. Məsələn, ali məktəbdə əlaçılar “Lenin” təqaüdü ilə təmin edilirdi. Həmin dövrdə planlı iqtisadiyyat var idi. Sosial ədalət prinsipi nisbətən qorunurdu. Ailəmizdə iki nəfər ali, üç nəfər isə orta təhsil alıb. Valideynlərimizin böyük gəliri yox idi və bizim təqaüd almağımız təbii ki, onlar üçün böyük stimul idi.

-Akif bəy, gəlirlər demişkən, bir az da sizin tələbəlik illərinizdəki yaşayış səviyyəsindən danışaq.

-Mənim tələbəlik illərim çox çətin dönəmə düşüb. Artıq sovetlər dağılır və yeni müstəqil dövlət formalaşırdı. Həmin dönəmdə infliyasiyalar, ərzaq çatışmazlığı var idi. Maddi baxımdan müəyyən çətinliklərimiz olsa da, mənəvi baxımdan gələcəyə ümidli idik. Artıq müəllimlər də dəyişmiş, təfəkkür forması yenilənmişdi. İllər ərzində gizlətdikləri fikirlərini sərbəst deyə bilirdilər. Buna görə də, maddiyyat arxa planda idi. Lakin indi vəziyyət tam əksinədir.

-Müasir tələbələr universiteti bitirdikdən sonra işsizlikdən şikayətlənirlər. Sizin dönəmizdə hansı problemlər olurdu?

-Sovet dövründə təhsil sistemi planlı idi. Rayonlara, kənd yerlərinə təyinatlar olurdu. Məsələn, sənayə universitetləri müəyyən sahələr üzrə kadrlar hazırlayır və onları iş yerləri ilə təmin edirdilər. Bütün bunlar hesablanmış bir şey idi. İndi belə olmasa da, düşünürəm ki, kifayət qədər savadlı, müasir texnologiyanın imkanlarından yararlana bilən tələbələr iş tapmaqda çətinlik çəkmir. Lakin onu da qeyd etmək lazımdır ki, ali məktəblərimiz kütləvi tələbə buraxmaqla məşğuldur. İndi diplomların arxasında elm dayanmır və kağız parçası mahiyyəti daşıyır. İşsizliyə görə tələbələrin dövləti qınamağı da doğru deyil.

 

-Sizin tələbəlik illəriniz necə keçib?

-Mənim tələbəlik illərim çətin dönəmə düşdüyü üçün  maraqlı olmayıb. Təbii ki, tələbə yoldaşlarımızla yığışıb müəyyən müzakirələr aparır, xoş günlərimizdə bir yerdə olurduq.  Lakin müasir tələbələrin keçirdiyi kimi təmtəraqlı olmurdu. Mən tələbəlik illərimdə oxumaqla yanaşı, həm də “Yeddi gün”, “Müxalifət” qəzetlərində işləyir və müəyyən qonorar da alırdım.

-Son olaraq, müasir tələbələrə nə məsləhət görürsünüz?

-Əzmkar olsunlar.

 

Günay Rəsulqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu